Şəhərin siması yalnız küçələrdən, binalardan, parklardan və meydanlardan ibarət deyil. Şəhər həm də burada yaşayan insanların mədəniyyətini, davranışını və ictimai dəyərlərə münasibətini əks etdirir. Buna görə ictimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, binalara, abidələrə və digər mədəniyyət nümunələrinə məsuliyyətlə yanaşmaq hər bir şəxsin vətəndaş borcudur. İctimai yerlərdə binaların divarlarına müxtəlif yazıların yazılması, icazəsiz qraffiti çəkilməsi və obyektlərin ilkin görünüşünə müdaxilə edilməsi yalnız estetik problem deyil. Bu, eyni zamanda şəhər mədəniyyətinə və ictimai məsuliyyətə münasibətin göstəricisidir. Bir şəxsin özünü ifadə etmək istəyi bütün cəmiyyətin istifadə etdiyi məkana zərər vurmaq hüququ vermir. İctimai məkan hamıya məxsusdur və onun qorunması da hamının məsuliyyətidir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Qadın, İnkişaf, Gələcək İctimai Birliyin sədri Gülşən Axundova bildirib.

Ekspert bildirdi ki, bu məsələdə şəxsin statusu, vəzifəsi və tanınmışlığı da fərq yaratmamalıdır. İctimai və ya şəxsi əmlaka zərər vurulması zamanı hər kəs eyni qaydalara və məsuliyyət prinsiplərinə tabe olmalıdır. Əks halda cəmiyyətdə yanlış təsəvvür yarana bilər ki, müəyyən şəxslər ümumi davranış normalarından kənara çıxa bilərlər. Tarixi və memarlıq əhəmiyyətli binalara, abidələrə və digər mədəni irs nümunələrinə münasibətdə isə daha yüksək həssaslıq tələb olunur. Çünki tarixi abidə sadəcə bir tikili deyil, xalqın keçmişinin, milli yaddaşının və tarixi hadisələrin maddi ifadəsidir. Onun üzərinə yazı yazılması, qraffiti çəkilməsi və ya səthinin zədələnməsi tarixi-mədəni irsə xələl gətirir. Bu məsuliyyət Azərbaycan qanunvericiliyində də konkret şəkildə təsbit olunub. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində bildirilir: “Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.” “Mədəniyyət haqqında” Qanunda da milli tarixi, təbii və mədəni irs obyektlərinin, o cümlədən tarix, təbiət və mədəniyyət abidələrinin qorunmasının hər kəsin borcu olduğu müəyyən edilir. Deməli, abidələrin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir.
Bu, təkcə ictimai əmlaka zərər deyil, həm də milli-mənəvi dəyərlərimizə hörmətsizlikdir
Gülşən Axundova qeyd etdi ki, qanunvericilikdə abidələrin mühafizəsi ilə bağlı tələblərin pozulmasına görə müxtəlif hüquqi məsuliyyət formaları da nəzərdə tutulur. Konkret hərəkətin hüquqi qiymətləndirilməsi obyektin statusundan, vurulmuş zərərin xarakterindən və digər hallardan asılıdır. Bununla yanaşı, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi də qanunvericiliklə məsuliyyət yarada bilər.
Şəhidlərimizə ən böyük ehtiram şəhidlərin adlarının
və xatirələrinin yaşadıldığı məkanların qorunması,
bu dəyərlərin gələcək nəsillərə ötürülməsidir
Xüsusi diqqət tələb edən məkanlar isə şəhidlərin xatirəsinə ucaldılmış abidələr, memorial komplekslər, parklar və xiyabanlardır. Azərbaycanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün çoxsaylı belə məkanlar yaradılıb. Bu obyektlər xalqımızın Vətən uğrunda canından keçmiş övladlarına ehtiramının ifadəsidir. Ona görə də onların üzərinə yazı yazılması, qraffiti çəkilməsi və görünüşünə müdaxilə edilməsi təkcə ictimai əmlaka zərər deyil, həm də milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi qəbul edilməlidir. Şəhidlərimizə ən böyük ehtiram şəhidlərin adlarının və xatirələrinin yaşadıldığı məkanların qorunması, bu dəyərlərin gələcək nəsillərə ötürülməsidir.
Ekspert onu da vurğuladı ki, bəzən icazəsiz qraffitiyə Qərb şəhərlərindəki nümunələr əsas gətirilərək haqq qazandırılır. Lakin xüsusi ayrılmış məkanlarda, müəyyən qaydalar çərçivəsində yaradılan qraffiti ilə tarixi binaların, abidələrin və ictimai obyektlərin icazəsiz şəkildə yazılarla örtülməsi eyni şey deyil. Yaradıcılıq və özünüifadə üçün xüsusi məkanlar yaratmaq mümkündür, lakin bu, ictimai əmlakın və tarixi irsin hesabına olmamalıdır. Digər tərəfdən, vurulmuş zərərin aradan qaldırılması əlavə vaxt, əmək və maliyyə tələb edir. Tarixi abidələrdə isə qeyri-peşəkar təmizləmə və bərpa işləri ilkin materiala daha ciddi zərər vura bilər. Buna görə belə obyektlərə hər hansı müdaxilə yalnız mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Əsl şəhər mədəniyyəti yalnız küçələrin təmizliyi ilə ölçülmür. O, insanların ümumi məkana, tarixi irsə və milli yaddaşa münasibətində özünü göstərir. Parka, küçəyə, binaya, abidəyə və memoriala münasibət əslində cəmiyyətin özünə münasibətdir. Bu gün qoruduğumuz hər bir abidə və memorial məkan sabah gələcək nəsillərə bizim dövrümüzdən qalacaq. Ona görə də şəhərin simasını, ictimai əmlakı və tarixi-mədəni irsi qorumaq yalnız dövlət qurumlarının deyil, hər bir şəxsin məsuliyyətidir. Qanun bu məsuliyyətin hüquqi çərçivəsini müəyyən edir, lakin onun real nəticəsi hər birimizin gündəlik davranışından başlayır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Avropa İttifaqı Ermənistandan Rusiya ilə viza rejiminin tətbiq edilməsini TƏLƏB EDİB