04 sentyabr 2026 13:25
114

Peris Hilton 2000-ci illər haqqında sənədli film təqdim edəcək

Məşhur teleulduz Peris Hilton  "Roku" striminq xidməti üçün "The It Girls: Inside The 2000s" adlı sənədli layihə hazırlayır. O, ekran işində həm baş qəhrəman, həm də icraçı prodüser kimi çıxış edəcək. Filmin istehsalı ilə onun "11:11 Media" şirkəti, "Netflix"in səs-küylü "Amerikasayağı top-model" sənədli serialının arxasında duran "EverWonder Studio" və "Hulu"nun hit şousu "Million Dollar Nannies"in müəllifləri olan "Hi Mom Productions" birgə məşğul olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bildirilir ki, layihənin əsasını jurnalist Sara Ditamın "Toxic: Women, Fame And The Tabloid 2000s" kitabı təşkil edib. Kitab kütləvi mədəniyyətin əsas qadın qəhrəmanlarından bəhs edir. Film paparassilərin, tabloidlərin və realiti-şouların məşhurları necə əmtəəyə çevirdiyini, eləcə də şöhrət, media və pop-mədəniyyət arasındakı münasibətləri həmişəlik necə dəyişdiyini göstərməyi vəd edir.

Layihədə arxiv materiallarından, əvvəllər dərc olunmamış kadrlar və yeni səmimi müsahibələrdən istifadə olunacaq.

Layihənin "Roku Channel" platformasında premyerası 2027-ci ilə planlaşdırılır.