Albaniya hökuməti kütləvi küçə etirazlarının qarşısını almaq üçün tədbirlər paketini təsdiqləyib. Bu tədbirlərə etiraz aksiyalarının iştirakçıları üçün təxminən 6 min dollar məbləğində cərimələrin tətbiqi də daxildir.
“İki sahil” xəbər verir ki, bu barədə CNA portalı məlumat yayıb.
Portalın məlumatına görə, icazəsiz aksiyaların iştirakçılarının cəzalandırılması üçün 500 min albaniya lekinədək (6 min dollardan və ya 5,5 min avrodan çox) cərimələr tətbiq edilir. Ən böyük cəza polisin əmrlərinə tabe olmamaq və eyni zamanda kimliyini (üzünü) gizlətməyə görə nəzərdə tutulub. Üzü gizlətməyə yalnız tibbi və ya dini səbəblərdən, eləcə də jurnalistlərə və tibb işçilərinə peşə fəaliyyətini həyata keçirərkən icazə veriləcək.
Bununla yanaşı, qərara əsasən, zorakılığın bilavasitə təhlükəsi və ya əhəmiyyətli maddi ziyan vurulması ehtimalı olduqda, polisə dövlət, təhsil və tibb müəssisələrinin, eləcə də nəqliyyat infrastrukturu obyektlərinin yaxınlığında toplaşmağı müvəqqəti qadağan etmək və ya məhdudlaşdırmaq hüququ verilir.
Portalın məlumatına görə, Albaniya hökuməti oktyabrın 13–22-də keçirilən etirazlar zamanı vandalların əməlindən zərər çəkmiş kiçik biznesə dövlət kompensasiyasının veriləcəyini də elan edib. Bununla bərabər, kompensasiya ödənildikdən sonra dövlət ödənilmiş məbləğin dəymiş ziyana cavabdeh olan şəxsdən, ziyan yetirən şəxs yetkinlik yaşına çatmayandırsa — onun valideynlərindən və ya qəyyumlarından tələb olunması hüququnu özündə saxlayır.
CNA-nın məlumatına görə, tədbirlər paketi oktyabrın 28-də imzalandığı andan qüvvəyə minib, parlament isə onu 45 gün ərzində təsdiqləməlidir.