04 sentyabr 2026 13:43
103

Zelenski və ailəsinə ömürlük dövlət mühafizəsinin verilməsi TƏKLİF OLUNUB

Ukrayna parlamentinin saytında yerləşdirilən sənəddən bəlli olur ki, prezident Vladimir Zelenskiyə və onun ailə üzvlərinə ömürlük dövlət mühafizəsinin verilməsini nəzərdə tutan qanun layihəsi Ali Radaya təqdim olunub. Müəlliflərdən biri Rada Komitəsinin katibi Roman Kostenkodur.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Ukraynada və ya onun ayrı-ayrı ərazilərində müharibə vəziyyəti və ya hərbi vəziyyət dövründə öz səlahiyyətlərini icra edən və ya icra etmiş Ukrayna Prezidenti ilə birlikdə yaşayan və ya onu müşayiət edən ailə üzvləri, Prezident yalnız impiçment qaydasında vəzifəsindən kənarlaşdırılmadığı təqdirdə, onun səlahiyyətlərinə xitam verildikdən sonra Ukrayna ərazisində ömürlük dövlət mühafizəsi ilə təmin edilirlər", — deyə qanun layihəsinin mətnində bildirilir.

Bundan əlavə, sənəd hərbi vəziyyət dövründə öz səlahiyyətlərini yerinə yetirmiş Ali Baş Komandanlığın Qərargahı və Milli Təhlükəsizlik və Müdafiə Şurası üzvlərinin də dövlət mühafizəsi ilə təmin olunmasını nəzərdə tutur. Bununla əlaqədar Ukrayna Dövlət Mühafizəsi İdarəsinin heyətinin sayının 5,5 min nəfərə çatdırılması planlaşdırılır.

Ukraynada hərbi vəziyyət 2022-ci il fevralın 24-də tətbiq edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb. Zelenskinin prezidentlik səlahiyyətləri rəsmən 2024-cü il mayın 20-də başa çatıb, lakin rəsmi Kiyev hərbi vəziyyət başa çatana qədər bunun qeyri-mümkün olduğunu bildirərərk növbəti seçkiləri keçirməyib.