Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun adına tikilən bulağın açılışı olub. Abidə-bulaq kompleksində həmçinin Birinci Qarabağ və Vətən müharibələrində Ərəb kəndindən şəhidlik zirvəsinə ucalan, qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.
Tədbirdən öncə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsi, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, kənd sakinləri, digər yerlərdən gələn qonaqlar, həmçinin media nümayəndələri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və şəhidin atası, Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş Hafiz Qurbanov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin, şəxsən şəhid Masim Qurbanovun döyüşçü kimi Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edən və düşmənlə üz-üzə gələrək onların ağır itki verməsində xüsusi rolu olduğunu vurğulayıb, Masimin sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldiyini, şəhidlik zirvəsinə ucaldığını qeyd ediblər
Kənd sakinləri Masimlə fəxr edib qürur duyduqlarını söyləyiblər.
Çıxış edənlər həmin kənddən olan digər şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrini heç zaman unudulmayacağını vurğulayıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Ərəb kənd orta məktəbinin beşinci sinif şagirdi Türkan Qurbanova hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa edib.
Tədbir iştirakçıları sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə qərənfillər düzərək ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, Masim Qurbanov 7 yanvar 2001-ci ildə rayonun Ərəb kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb.
Əlihüseyn Şükürov
Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir VİDEO