13 yanvar 2022 11:07
905

“Çempionlarımız” sosial idman layihəsi çərçivəsində məktəblilərlə görüş keçirilib FOTO

Gənclər və İdman, Təhsil  Nazirliyin, ”Azərbaycan İdman Könüllüləri“ İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Astara şəhər 2 saylı məktəbdə sərbəst güləş üzrə Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı, Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, III dərəcəli “Əmək“ ordenli, “Tərəqqi” medallı Aslan Ağayevlə görüş keçirilib.

Tədbirin  açılışında   çıxış edən Astara şəhər 2 saylı tam orta  məktəbinin direktoru N. Məmmədov  belə bir görüşü  rəhbərlik etdiyi  təhsil ocağında keçirdiyi   üçün   onun  təşkilatçılarına  təşəkkürünü bildirdi və buna məmnun qaldığını dedi. 

Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi R. Şirinov,  Təhsil Şöbəsinin müdiri R.  Həsənov  tədbirin əhəmiyyətindən danışmaqla bərabər,   Aslan Ağayevin   Azərbaycan idmanına verdiyi dəyərli   töhfəsini,   gənc nəslə nümunə olduğunu  qeyd etdilər,  ona fəaliyyətində yeni nailiyyətlər arzuladılar. Gənclər və İdman İdarəsinin rəis müavini İ. Cəfərov  məşhur məşqçinin idman və məşqçilik həyatı, eləcə  qazandığı uğurları barədə  daha ətraflı söhbət açdı: ” Azərbaycan idmanının məşhur simalardan  olan, hazırda məşqçilik fəaliyyətini davam etdirən Aslan Ağayev 5 oktyabr 1967-cı il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində anadan olmuşdur. 5-ci sinfə qədər şəhər 5 saylı tam orta  məktəbdə  oxuyur.  O dövrdə  idmanın sərbəst güləş növünə maraq göstərir və  Astara Uşaq Gənclər və İdman Məktəbinin Sərbəst güləş üzrə məşqçi –müəllimi, sonradan "Azərbaycan SSR  Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçısi" fəxri adlarına layiq görülmüş Tofiq Həmidov tərəfindən istedadı nəzərə alınaraq ilkin məşqlərə başlayır. 1979-cü ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olur. Burada məşhur məşqçilərin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmaqla  bərabər,  eyni zamanda təhsilini  də davam etdirir.   

Aslan  Ağayev  1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sərbəst güləş ixtisası üzrə başa vurur. O, 2005-2016-cı illərdə sərbəst güləş üzrə Azərbaycan Respublikasının kişilərdən ibarət yığma komandasının  məşqçisi ("Zenit" idman klubunun baş məşqçisi) və 2017-2021-ci illərdən sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi işləyir. Gənclər və İdman Nazirliyinin 26 oktyabr 2021-ci il tarixli əmrinə əsasən Astara Olimpiya İdman Kompleksinin direktoru təyin olunur. XXXI Yay Olimpiadasının bürünc, Dünya çempionatının 2 qat gümüş, 3 qat bürünc mükafatçısı, Gənclər arasında Dünya çempionu,  Avropa çempionatını 3 qat qızıl, 3 qat gümüş, 4 qat bürünc mükafatçısı C. Həsənovun, Dünya çempionatının qızıl və  bürünc medalçısı, Avropa çempionatının gümüş və bürünc medalçısı Ə. Rzazadənin  şəxsi məşqçisidir.”  

Məktəbin Fiziki tərbiyə müəllimi, "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi"  A.  Əkbərov, Vətən müharibəsi veteranı  Asəf  müəllim   də  Aslan Ağayevin  gözəl insani keyfiyyətlərdən, udmandakı nailiyyətlərdən  səmimiyyətlə danışdılar.

Aslan Ağayev  məktəblilərə  məşqçilik fəaliyyətindən, uğurlara gedən çətin yollardan məlumat verdi məktəblilərin suallarını cavablandırdı, görüşün təşkilinə görə minnətdarlıq etdi  və   xatirə şəkilləri  çəkdirdi.

Zəfər Orucoğlu, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü