“Four Seasons Hotel”də jurnalist Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə iştirak edən alimlər, mədəniyyət nümayəndələri, jurnalistlər və ictimai xadimlər media və piar sahəsində ilk addımlar atan gənclər üçün bu nəşrin əhəmiyyəti barədə söhbət açıblar.

14 il Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Səmayə Məmmədova bu kitabı onun bütün təşəbbüslərini dəstəkləyən ailəsinə və həmin Nazirliyin sabiq rəhbəri, mərhum Azad Rəhimovun xatirəsinə həsr edib.
Jurnalistika və piar sahəsində 22 illik işi müddətində topladığı təcrübə və biliklərini bölüşən müəllif öz fəaliyyətində yol verdiyi səhvlər barədə də danışır, işdə yaranan mürəkkəb vəziyyətlərdən çıxmağın sonda qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşmasına aparan praktiki yollarını təklif edir. S.Məmmədova 2012-ci il London Olimpiadasından başlayaraq Azərbaycanın olimpiya yığmasının çıxışlarının işıqlandırılması ilə əlaqədar işlər barədə xatirələrini də bölüşür.

O qeyd edib ki, "Peşəkarlığın rəsmi" həm avtobioqrafik, həm də nəzəri kitab sayıla bilər: “Kitabın özəlliyi ondan ibarətdir ki, nəzəriyyə verilibsə də, onun açıqlaması, əsaslandırılması təcrübə üzərində qurulub. Yaşadıqlarımı, keçdiklərimi, gördüklərimi və öyrəndiklərimi qələmə almışam, nəzəriyyələri də bunun əsasında təqdim etmişəm. Bu kitabda qüsurlarımı da göstərməkdən çəkinməmişəm. Çalışmışam ki, kitab mediadan, PR-dan uzaq olan insanlar üçün də maraqlı olsun. Eyni zamanda nəşrin mediaya, PR-a gələn gənclər üçün də maraqlı və faydalı olacağına əminəm”.
Hesab edirik ki, bu nəşr piar sahəsində ilk addımlar atan gənc mütəxəssislər və jurnalistika sahəsində təhsil alan tələbələr üçün maraqlı və faydalı olacaq.
Ağalar Vəliyev yüksək bal toplayan Xaçmazlı tələbələri mükafatlandırdı - FOTO