24 yanvar 2022 11:12
826

Gənc yazıçının yeni kitabı işıq üzü görüb FOTO

“Mücrü” nəşriyyatının “Proza” seriyasında gənc şairə, yazıçı Aytən Eyvazon (Hüseynova)  yeni kitabı  çox nəfis  şəkildə işıq üzü görüb.  Bir gənc jurnalistdən bəhs  edən detektiv motivli romandan ibarət  kitaba “Zülmət  saçan çıraq” adlını vermişdir.

Özünəməxsus, orijinal yazı tərzinə malik olan  müəllif  qələmə aldığı romanda göstərir ki, gənc jurnalist əlində heç bir fakt və dəlil olmadan, sadəcə hisslərinə güvənib qəribə bir sirri araşdırmağa başlayır. Araşdırmaları nəticəsində qarşılaşdığı şahidin dedikləri və yaşadığı ağrı-acılarını dinlədikcə heyrətdə qalır ki, uzun illər insanlardan belə bir böyük sirri necə gizlədə biliblər. Odur ki,  təsadüfən aşkarladığı bu dəhşətli sirri faş etmək onun tək məqsədinə çevrilir.

Kitabdakı roman detektiv olsa da, oradakı  hadisələr incə boyalarla təsvir olunduğu üçün oxucunu yormur, əksinə onu bir daha oxumaq istəyirsən. “Zülmət  saçan çıraq” romanı ilə  tanışlıqdan sonra  tam əmin oldum ki, o söz sərrafları  üçün  ən qiymətli  hədiyyə olacaq.

248 səhifədən ibarət  olan bu kitabla müəllif  üçüncü dəfədir oxucuların görüşünə gəlir. Kitabın naşiri Müşfiq Xan, redaktoru  isə Əzəmət Həsənovdur.

Onu da  bildirim ki,  özünəməxsus yaradıcılığı  ilə oxucu məhəbbəti qazanan  istedadlı qələm əhli  Aytən xanım 1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır.  Azərbaycan Jurnalistlər Birliyinin üzvü və  “Qızıl qələm “mükafatı laureatıdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü