24 yanvar 2022 16:23
1030

Deputatın Ucar rayonunun Şahlıq kəndi ilə bağlı qaldırdığı problem həllini tapdı: TEZLİKLƏ QAZ VERİLƏCƏK

Prezident İlham Əliyevin rəhbərliyi ilə "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu addımların və Azərbaycan Respublikası Milli Məclisinin Ucar rayonundan seçilmiş deputatı Ramil Həsənin Şahlıq kəndinə qaz xəttinin çəkilməsi ilə bağlı müvafiq qurumlar qarşısında dəfələrlə qaldırmış olduğu məsələlərin nəticəsi olaraq kəndə qaz çəkilişi reallaşdırılır.

“İki sahil” xəbər verir ki, 2022-ci ilin ilk günlərindən Şahlıq kəndinə qaz xəttinin çəkilişinə başlanılıb.  "Azəriqaz" ASC-dən saytımıza verilən məlumata görə qaz xətti kəndin bütün yaşayış evlərini əhatə edəcək, yaxın günlərdə kənd çamaatı mavi qazla təmin ediləcəkdir.

Deputat Ramil Həsən və Ucar rayon vətəndaşları, xüsusilə, Şahlıq kənd sakinləri kəndin ən əsas narahatlıqlarından olan qaz probleminin aradan qaldırılmasına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirir və bundan sonra da həyata keçiriləcək iqtisadi-siyasi proseslərdə hər zaman ölkə rəhbərinin yanında olacaqlarını bir daha vurğulayıblar.