26 yanvar 2022 14:36
926

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlər tikinti sektorunun inkişafı üçün yeni imkanlar açıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tikinti biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tikinti biznesi sahəsində mövcud vəziyyətin və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin zəngin tikinti xammal ehtiyatlarına malik olmasının, aparılan geniş tikinti-quruculuq işlərinin tikinti sektorunu sahibkarlıq fəaliyyəti üçün cəlbedici etdiyini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə mövcud olan təbii sərvətlər, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər tikinti materiallarına olan tələbatı artırmaqla, eyni zamanda sektorun inkişafı üçün yeni imkanlar açıb.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov sektorun inkişafı, bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklər və onların həllində dövlət-özəl əməkdaşlığına dair fikirlərini bölüşüb.

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev təmsil etdiyi qurumun fəaliyyəti və sektorun mövcud vəziyyəti barədə məlumat verib.

Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların çoxsaylı sualları cavablandırılıb.