01 sentyabr 2026 08:54
145

Rəqəmsal dünyanın görünməyən təhlükələri: kibermüdafiə yeni mərhələyə keçir

Kaspersky: Süni intellekt kibertəhdidlərin xarakterini dəyişir

Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov müasir kibertəhlükələr, süni intellektdən istifadənin yaratdığı risklər və effektiv müdafiə yollarından danışır

Bu gün rəqəmsal mühitdə təhlükəsizlik anlayışı əvvəlki təsəvvürlərdən xeyli kənara çıxır. Çünki texnologiyanın inkişafı yalnız həyatımızı asanlaşdıran yeni imkanlar yaratmır, eyni zamanda təhlükələrin formasını da dəyişdirir. Bir vaxtlar daha çox texniki boşluqlardan qaynaqlanan kiberhücumlar indi insan davranışından tutmuş rəqəmsal ekosistemin müxtəlif həlqələrinə qədər uzanan çoxşaxəli risklərə çevrilir.

Xüsusilə süni intellektin sürətlə inkişaf etməsi kiberməkan üçün yeni suallar ortaya çıxarır. Artıq söhbət yalnız mövcud təhlükələrdən qorunmaqdan getmir; əsas məsələ texnologiyanın yaratdığı imkanlardan kimin, hansı məqsədlə və nə dərəcədə təhlükəsiz istifadə etməsidir. Bu reallıq dövlət qurumları və bizneslər üçün texnoloji müdafiə ilə yanaşı, düzgün idarəetmə, risklərin qabaqcadan qiymətləndirilməsi və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını da zəruri edir.

Belə bir şəraitdə kibertəhlükəsizliyə yalnız “hücumun qarşısını almaq” kimi yanaşmaq kifayət etmir. Əsl çağırış rəqəmsal sistemlərin gözlənilməz ssenarilər qarşısında nə qədər dayanıqlı olması, insan faktorunun necə idarə edilməsi və sürətlə dəyişən texnoloji mühitə təhlükəsizlik baxımından nə qədər çevik uyğunlaşa bilməsidir.

Məhz bu istiqamətdə müasir kibertəhlükə mənzərəsinin dəyişən dinamikasını, süni intellektin yaratdığı yeni çağırışları və rəqəmsal təhlükəsizliyin gələcəyini Kaspersky şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov ilə müzakirə etdik.


-Əvvəlcə oxucularımızı Kaspersky şirkəti ilə yaxından tanış etmək istərdim. Deyə bilərsinizmi, şirkətin son dövrlərdəki əsas nailiyyətləri, kibertəhlükəsizlik sahəsində hazırda təklif etdiyi ən əhəmiyyətli innovasiyalar və yeni həllər hansılardır?
-Kaspersky şirkəti 1997-ci ildən bəri informasiya təhlükəsizliyi və rəqəmsal məxfilik sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində 1 milyarddan çox cihazı həm kütləvi təhdidlərdən, həm də hədəfli hücumlardan qorumağa kömək etmişik. Proses boyu rzində əldə etdiyimiz təcrübə və biliklər biznesləri, dövlət qurumlarını və bütün istifadəçilərin rəqəmsal həyatını etibarlı şəkildə qorumaq üçün dərhal yeni həllərə çevrilir.
Bu gün məhsullarımızdan dünya üzrə milyonlarla insan və təxminən 200.000 şirkət istifadə edir. İstifadəçilər üçün hərtərəfli qoruma, ixtisaslaşmış xidmətlər və kiberimmun həllər də daxil olmaqla, müxtəlif alətlər təqdim edirik. Bütün bunlar daim artan kibertəhdidlərə qarşı effektiv mübarizə aparmağa kömək edir.
Məsələn, müəssisələrin hərtərəfli və ekosistem əsaslı müdafiəsi üçün “Kaspersky Symphony XDR” həllini təklif edirik. Mürəkkəb kiberhücumları aşkarlayan və onlara qarşı cavab tədbirləri görən bu qabaqcıl sistem iş yerlərindən və elektron poçtdan tutmuş korporativ serverlərə və şəbəkələrə qədər bütün infrastrukturun təhlükəsizliyini təmin edir. Buraya, digər şeylərlə yanaşı, son nöqtələrdə təhdidləri aşkarlayan və onlara cavab verən qabaqcıl “Kaspersky EDR Expert” (KEDR) sistemi də daxildir.
Fərdi istifadəçilərin qorunması üçün biz kompüterlər və smartfonlar üçün real vaxt rejimində “Kaspersky Standard” həllini təklif edirik – bu məhsul virusları, fidyə proqramlarını və fişinq təhdidlərini bloklayır və istifadəçilərə yalnız kiberhücumlardan qorunmağa deyil, həm də cihazlarından daha təhlükəsiz istifadə etməyə imkan verir.
Şirkət məhsulları ilə yanaşı beynəlxalq hüquq-mühafizə təşkilatları ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir: son iki ildə İnterpol və Afripolun himayəsi altında keçirilmiş yeddi kibercinayətkarlıqla mübarizə əməliyyatında iştirak etmişik. Şirkətin mütəxəssisləri əməliyyatlar çərçivəsində kiberhücum metodları və ən son zərərli proqram növləri haqqında məlumatları təqdim ediblər. Bu əməliyyatların nəticəsində həmin müddət ərzində 2600-dən çox təcavüzkar həbs olunub.
-Kaspersky-nin son araşdırmasına görə, bu gün ən böyük təhlükə süni intellektdən istifadə ilə əlaqəli hansı kibertəhdidlərdən qaynaqlanır?
-Əgər süni intellektin (Sİ) artıq problemin bir hissəsinə çevrildiyi ən təhlükəli kibertəhdidlərdən danışsaq, üç əsas istiqaməti vurğulaya bilərik. Onlar mübahisəsiz olaraq hazırkı təhlükəsizliyin mənzərəsini müəyyən edirlər.
Birincisi, Sİ təchizat zəncirinə hücumlardır. Problem daha geniş miqyas alıb: əvvəllər bu, əsasən adi proqram paketlərindəki arxa qapılarla bağlı idisə, bu gün təhlükə Sİ modellərinin özündə gizlənir. Bu modellərdə zərərli kod, gizli əmrlər (sorğu inyeksiyaları – böyük dil modellərinin manipulyasiyasına imkan verən sistem zəiflikləri) və agent bacarıqları ola bilər. Burada zərərli yük yalnız skript deyil, həm də zərərli hərəkətlərin sadə dildə təsviri formasında ola bilər.
İkincisi, Sİ agentlərinin həddindən artıq avtonom fəaliyyəti və məlumatlara çıxışıdır. Bəli, sorğu inyeksiyaları haqqında çox danışılır, amma bu, yalnız başlanğıcdır. Ən təhlükəli məqam agentin geniş səlahiyyətlərə malik olması ilə həmin inyeksiyaların nəyə gətirib çıxarmasıdır. Buna əsas nümunə “OpenClaw” kimi agentlərdir: onlar sosial mediada sadə bir sorğunun istifadəçinin adından ixtiyari kodun icrasına, kriptovalyutanın ötürülməsinə və ya şəxsi məlumatların sızmasına necə asanlıqla səbəb ola biləcəyini nümayiş etdirir.
Üçüncüsü isə “Shadow AI” adlandırılan kölgə Sİ-dir. Süni intellekt agentlərinin istifadəsi o qədər asanlaşır ki, bir çox sahədə onlardan istifadə etməmək digər həmkarlara nisbətən daha az məhsuldar olmaq deməkdir. Bir şirkətin neyron şəbəkələrindən istifadə etmək üçün mərkəzləşdirilmiş bir üsulu yoxdursa, əməkdaşlar bunu əl altından edəcəklər. Bu isə yuxarıda qeyd olunan təhdidlərin reallaşması üçün birbaşa zəmin yaradır – əməkdaşın agentə hansı səlahiyyətləri verəcəyi və ya zərərli yükün asanlıqla gizlənə biləcəyi növbəti faydalı bacarığı haradan əldə edəcəyi məlum olmur.
-Kaspersky-nin araşdırmaları son bir ildə təşkilatlara qarşı hansı kibertəhdid növlərinin daha çox artım göstərdiyini qeydə alıb? Sizcə, bu tendensiya nə ilə bağlıdır?
-2025-ci ildə proqram təminatı təchizat zəncirlərinə hücum riski əhəmiyyətli dərəcədə artıb, yəni təcavüzkarlar getdikcə şirkətlərə birbaşa deyil, podratçıları və proqram təminatı təchizatçıları vasitəsilə zərər vururlar. "Zəncirvari reaksiya: podratçılar və proqram təminatçıları üzərindən həyata keçirilən kiberhücumlardan necə qorunmaq olar" adlı qlobal sorğumuza görə, dünya üzrə şirkətlərin 31 faizi ötən il bu təhdidlə üzləşib.
Bununla yanaşı, şirkətlər tez-tez İT sahəsi ilə əlaqəsi olmayan podratçılara - istər agentliklər, istər təchizatçılar, istərsə də hüquq firmalarına öz sistemlərinə giriş imkanı açırlar. Bunun nəticəsində mümkün təhdidlərin əhatə dairəsi istəmədən genişlənir, başqa sözlə, etibarlı əlaqə üzərindən hücum (Trusted Relationship Attack) riski meydana çıxır. 2025-ci ilin sorğusunun nəticələri göstərir ki, dünya üzrə hər dörd şirkətdən biri bu tip təhlükə ilə üzləşib və bu, hazırda bizneslərin üzləşdiyi ən çox yayılmış kibertəhdidlərdən birinə çevrilib.
Təcavüzkarlar Sİ modellərindən həmçinin kibertəhdidlərin artmasına səbəb olan hədəfli fişinq, açıq mənbələr üzrə kəşfiyyat, zərərli kodun yaradılması və hücumların miqyaslandırılması üçün istifadə edirlər. Bu da öz növbəsində kibertəhdidlərin artımasına təsir göstərir.
-Bu gün süni intellekt kibertəhlükəsizlik həllərinin ayrılmaz hissəsinə çevrilir. Süni intellekt şirkətlərin korporativ məhsullarında necə istifadə olunur? O, real vaxt rejimində təhdidlərin aşkarlanması, təhlili və qarşısının alınması baxımından hansı üstünlükləri təmin edir?
-Sİ kibertəhlükəsizliyə daha proaktiv yanaşma təmin edir. Bu, yalnız təhdidlərin tanınması ilə bağlı deyil, həm də sistemlərin real vaxt rejimində böyük həcmdə məlumatları avtonom şəkildə təhlil etmək və potensial hücumları proqnozlaşdırmaq qabiliyyəti ilə bağlıdır. Bu tendensiya xüsusilə agent əsaslı Sİ paradiqması yetkinləşdikcə daha da nəzərə çarpacaq. Yəni insan müdaxiləsi olmadan mürəkkəb tapşırıqları yerinə yetirə bilən avtonom agentlərin imkanları genişləndikcə, onların kibertəhlükəsizlikdə rolu da artacaq. Bu cür sistemlər yalnız şübhəli fəaliyyəti aşkarlamaqla kifayətlənməyəcək, həm də zərərli trafikin qarşısını almaq, giriş siyasətlərini yeniləmək və ya analitiklərə kritik hadisələr barədə məlumat vermək kimi avtomatik cavab tədbirləri görə biləcəklər.
Təbii ki, şirkətimiz hücumların qarşısının alınması da daxil olmaqla, bir çox istiqamətlər üzrə Sİ-dən istifadə edir. Məsələn, böyük dil modelinə əsaslanaraq informasiya təhlükəsizliyi mütəxəssislərinə təhlükəsizlik hadisələrini daha tez və dəqiq təhlil etməyə, eləcə də təhdidləri araşdırmağa kömək edən KIRA (Kaspersky Investigation and Response Assistant) süni intellekt köməkçisini hazırlamışıq.
Həmçinin təhlükəsizlik insidentlərinin avtomatik aşkarlanması üçün Sİ-ni “Kaspersky MDR” həllimizə inteqrasiya etmişik ki, bu, analitiklər tərəfindən əl ilə emal edilən hadisələrin həcmini dörddə bir azaltmağa, eyni zamanda təhlil və reaksiya keyfiyyətini və sürətini artırmağa kömək edib. Bununla yanaşı, bəzi hadisələr insanlar tərəfindən yenidən yoxlanılır, Sİ modeli isə daim öyrənir, nəticədə hallüsinasiyaların və yanlış müsbət nəticələrin sayını minimuma endirməyə nail olur.
-Dünya üzrə kiberinsidentləri araşdırmaq təcrübənizə əsasən, dövlət qurumları və özəl şirkətlər tərəfindən informasiya təhlükəsizliyi məsələlərində ən çox edilən səhvlər hansılardır? Biznesin kiberdayanıqlılığını artırmaq üçün hansı praktik tövsiyələri verə bilərsiniz?
-İnsan amili ən çox yayılmış səhvlərdən biri olaraq qalır: işçilər məlumatsızlıq, diqqətsizlik və ya fişinq hücumlarının təsiri nəticəsində biznesin infrastrukturuna müdaxilə üçün hücumçulara birbaşa yol aça bilən hərəkətlər edirlər. Səciyyəvi səhvlərə həmçinin giriş idarəetməsində zəif qaydalar və tələblər, müntəzəm imtiyaz auditlərinə laqeyd yanaşma və insidentlərə natamam cavab prosedurları daxildir.
Kiberdayanıqlılığı artırmaq üçün işçilərlə sistemli iş qurmaq vacibdir: onlara müntəzəm olaraq kibergigiyenanın əsaslarını öyrətmək və insidentlər zamanı görüləcək tədbirlər planı hazırlamaq, ən az imtiyaz prinsipini tətbiq etmək və giriş səlahiyyətləri üzrə vaxtaşırı auditlər aparmaq. Anomaliyaları izləmək və hadisələri qeyd etmək, eləcə də reaksiya planını əvvəlcədən hazırlamaq və sınaqdan keçirmək üçün avtomatlaşdırılmış alətlərdən istifadə etmək faydalıdır – bu, təhdidləri lokallaşdırmaq üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və mümkün zərəri minimuma endirir.
-Xüsusilə təcavüzkarların süni intellekt texnologiyalarından istifadə etdiyi müasir kibertəhdidlərdən effektiv şəkildə qorunmaq üçün şirkətlərə və adi istifadəçilərə hansı tövsiyələri verərdiniz?
-Adi istifadəçilərə ilk növbədə unikal və mürəkkəb parollardan istifadə etməyi (bunun üçün parol menecerindən istifadə etmək daha məqsədəuyğundur), ikifaktorlu identifikasiyanı aktivləşdirməyi, proqram təminatını müntəzəm olaraq yeniləməyi, aktiv hesab sessiyalarını yoxlamağı, şübhəli veb-saytlarda məlumat daxil etməməyi, SMS və ya tətbiq bildirişləri vasitəsilə alınan təsdiq kodlarını heç kimlə paylaşmamağı və Sİ neyron şəbəkələri tərəfindən yaradılan məzmun da daxil olmaqla, bütün məlumatlara tənqidi yanaşmağı tövsiyə edirik. Smartfonun təhlükəsizliyini konfiqurasiya etmək də vacibdir. Bunun üçün virusları, istənməyən zəngləri və fişinq linklərinə klikləmək cəhdlərini bloklayan ixtisaslaşmış həllərdən istifadə etmək olar.
Şirkətlər işdə hansı süni intellekt alətlərindən istifadəyə icazə verildiyini, hansılardan isə istifadə edilməməli olduğunu dərhal müəyyənləşdirməlidir: işçilər tez-tez müxtəlif süni intellekt xidmətlərindən istifadə edir və iş fayllarını onlara yükləyirlər ki, bu da şirkətə aid məlumatların həmin xidmətlərə sızaraq hücumçuların əlinə keçməsi ilə nəticələnə bilər. Komandaya hansı məlumatların ictimaiyyətə açıq xidmətlərə göndərilməsinin məqbul, hansılarının isə yolverilməz olduğunu mütləq izah etmək lazımdır.
Bizneslər həmçinin ən az imtiyaz prinsipini tətbiq etməli və şəbəkələrini seqmentləşdirməli, çoxfaktorlu identifikasiyadan və parol menecerlərindən istifadə etməli, müntəzəm olaraq ehtiyat nüsxələr yaratmalı, insidentlərə cavab planı hazırlamalı və işçilərin məlumatlılığını artırmaq üçün ixtisaslaşmış təhlükəsizlik həlləri və platformalarından istifadə etməlidirlər.