Astara rayon Heydər Əliyev Mərkəzində 2 fevral -Gənclər Günü münasibətilə təşkil olunan tədbirə bu başlıq seçilmişdi. Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin, Astara Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Mədəniyyət İşçilərinin Azad Həmkarlar təşkilatının, rayon Tarix-diyarşünaslıq muzeyinin, Astara rayon Pedaqoji Kollecinin, şəhər 5 saylı tam orta məktəbinin və A. Hüseynov adına Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda şəhid olan igid oğulların əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunmaqla başlandı.
Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Ş. Bayramov tədbiri açıb dedi:- 2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz Ulu Öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis etməsinin 25 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları olaraq sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər. Gənclərə böyük diqqət və qayğı göstərən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərdən sayan Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.
Mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı E. Kazımovanın geniş məruzəsi oldu: “ Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir .Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu”.
Astara rayon Mədəniyyət İşçilərinin Azad Həmkarlar təşkilatının sədri H. Ramazanov, Ağsaqqallar Şurasının sədr müavini Ə. Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru K. Səmədova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin əməkdaşı E. Məmməzadə və A. Hüseynov adına Suparibağ kənd tam orta məktəbinin müəllimi A. Cəfərova öz çıxışlarında dövlətin gənclərə qayğısından, gənclərin göstərilən etimada yüksək cavabından ətraflı danışdılar.
Tədbirin axırında məktəblilər Vətəni, qəhrəmanlığı tərənnüm edən şerlər söylədilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü