02 fevral 2022 23:48
822

Lənkəran Dövlət Universitetində Gənclər Gününə həsr olunmuş tədbir

2 fevral Gənclər Günü münasibətilə Lənkəran Dövlət Universitetində (LDU)  tədbir keçirildi.  Tədbiri açan Universitetin Sosial məsələlər üzrə prorektoru K.Kazımov  iştirakçıları və LDU-da təhsil alan, çalışan bütün gəncləri rektor, professor Natiq İbrahimovun adından təbrik etdikdən sonra dedi:

- Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə dövlət və cəmiyyətin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gənclərin iştirakının vacib məsələ olduğunu diqqət mərkəzinə çəkib. 1994-cü ildə  onun  fərmanı əsasən  Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsi tariximizin şərəfli səhifələrdən oldu.  2001-ci il sentyabrın 3-də  Ulu Öndər elmə verdiyi yüksək qiyməti və gənclərə göstərdiyi qayğını bir daha əməllərində sübut edərək "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalayıb. Bu Fərman ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etmək üçün böyük bir stimul,  maddi dəstəkdir. Dövlət idarəçiliyi sistemində gənclərin iştirakını təmin etmək, onların potensialından düzgün istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq edib, "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" qəbul olunub. Hazırda Azərbaycan gəncləri onlara göstərilən etimadı, bu etimaddan irəli gələn məsuliyyəti başa düşür , öz dövləti və lideri ətrafında sıx birləşməklə bu etimadı doğruldur.

Daha sonra çıxış  edən LDU Həmkarlar İttifaqı Komitəsinin Sədri V. Quliyev  istedadlı və fəal tələbələrin maddi və mənəvi cəhətdən dəstəkləməsi   istiqamətində universitetdə görülən işlərdən, gələcək  tədbirlərdən danışdı. Gənclərlə iş üzrə mütəxəssis A. Tacibzadə,  II Qarabağ müharibəsi iştirakçısı, qazi Ə. Zamanzadə, tələbələr T. Hüseynova, Ş.  Abdullayeva  isə  müasir gəncliyin qarşısında duran vəzifələrdən söz açdılar.

Zəfər Orucoğlu,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü