Lerik Rayon Heydər Əliyev Mərkəzində Gənclər gününə həsr olunmuş "Zəfər tariximizi yazan Azərbaycan gəncləri" mövzusunda keçirilən tədbirin qonaqlar rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, şəhər 3 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri idilər. Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlardan keçən şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olundu . Daha sonra 44 günlük Vətən müharibəsinin gərgin döyüş anlarını özündə yaşadan "Qəhrəmanların səsi" sənədli filmi göstərildi.
Heydər Əliyev Mərkəzinin elmi işçisi Bahar Mürsəliyeva çıxış edərək gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və İkinci Qarabağ müharibəsində Zəfərə aparan yol barədə ətraflı məlumat verdi.
Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə nümayəndəsi M. Dənziyev, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru H. Abbasov, Lerik Dövlət Rəsm Qalereyasının direktoru, Şəhid atası M. Yaqubov, Gənclər İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin direktoru A. Şakirli, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi N. İsaqov, Lerik şəhər Mədəniyyət Mərkəzinin metodisti R. Məmmədov, gənc fəal Ə. Rzayev tədbirdə çıxış etdilər. Onlar vətənpərvər Azərbaycan gənclərin 44 günlük Vətən müharibəsində keçdikləri döyüş yolu barədə qürurla söz açdılar, tədbir iştirakçılarını Gənclər günü münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladılar. Sonda şəhər 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin hazırladığı Vətənə sevgini tərənnüm edən kompozisiya tədbirə özgə bir ahəng qatdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü