4 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev onlayn formatda ərazi partiya təşkilatlarının sədrlərinə və yerli təşkilatın partiya aktivinə təqdim olunub.
“İki sahil” xəbər verir ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır.
Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir. Qazanılan uğurların bundan sonra da davamlı olması, rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrin və ümumilikdə rayon təşkilatının fəallarının diqqət mərkəzində olmalıdır.
YAP İmişli rayon təşkilatının yeni təyin olunmuş sədri Səfa Ağayev çıxış edərək göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Ərazi partiya təşkilat sədrləri Əlamdar Quliyev, Rafael Məmmədov, Şahsuvar Əmrahov və Ramil Mehbalıyev çıxış edərək bildiriblər ki, partiya rəhbərliyi tərəfindən göstərilən böyük ehtimadı layiqincə doğrultmaq üçün çalışacaqlar.