09 fevral 2022 15:38
761

Masallıda "Şuşa - açılan səhərim" tamaşası təqdim olunub - FOTO

Masallı Xalq teatrında növbəti tamaşanın təqdimatı olub. Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan olunması ilə əlaqədar səhnələşdirilən "Şuşa - açılan səhərim" tamaşasında obrazları adıçəkilən teatrın sənət ustaları və Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyorlar canlandırıblar. Karantin rejiminin şərtlərinə riayət edilməklə baş tutan təqdimatda rəsmi şəxslər, mədəniyyət işçiləri, tələbələr və digərləri iştirak edib.

Təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü, eləcə də Şuşa şəhərinin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz ruhları ehtiramla yad edilib.
Sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək, cari təqvim ilinin ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmasının əhəmiyyəti barədə fikirlərini bildirib. O, çıxışında Şuşa şəhərinin xalqımızın siyasi və mədəni tarixindəki yeri haqda bəhs edib, habelə bu əsrarəngiz sənət ocağının mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən söz açıb.

Daha sonra "Şuşa - açılan səhərim" tamaşası teatrsevərlərə təqdim edilib.

Tamaşada Şuşa şəhərinin mədəni mühiti və tanınmış sənət adamlarının ictimai-mədəni fəaliyyətini əks etdirən səhnələrə yer verilib. Eyni zamanda, səhnə işində şəhərin uzun işğal dönəmi və azadlığına qovuşması mövzuları monoloq və şeir kompozisiyaları ilə ifadə edilib.

Qeyd edək ki, N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyevə, səhnə və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

Əlihüseyn Şükürov