Şəmkir rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə futbol turnirinə start verilib.
“İki sahil” xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi turnirin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib: “Yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut edir. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.”
Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb: “ Hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır”.
Tədbirin rəsmi hissəsindən sonra yarışlara start verilib.
Qeyd edək ki, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin 12 komandası iki qrupda mübarizə aparır.
Final mərhələsi fevral ayının 16-da keçiriləcək və qalib komandaya kubok, medal və diplomlar təqdim ediləcək.