Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal xidmətlərin və struktura daxil olan digər qurumların 400 nəfərdən çox əməkdaşının iştirakı ilə Mərkəzi Nəbatat Bağının ərazisində geniş iməcilik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "İki sahil"ə verilən xəbərə görə, iməcilik zamanı parkda 4 ha ərazidə on illərlə baxımsız qaldığından ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və xəzəl yarpaqları təmizlənib və parkdakı ağacların dibi bellənib.
Birliyin əməkdaşları mövcud ağacların qurumuş hissələrini budayıb, tam qurumuş ağaclar çıxarılıb, ərazidə digər təmizlik və abadlıq işləri görülüb. Qurumuş ağacların yerinə mövsüm ərzində yeniləri əkiləcəkdir.
Keçirilən iməcilik Nəbatat bağında təmizlik-abadlıq, ekoloji tarazlığın bərpası, buradakı ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlərin bir hissəsidir.
Qeyd edək ki, ötən ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.