“ASAN Könüllüləri” Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyasını başlayıb
Elimizin qədim bayramı olan Novruzda ürəklərdə saf duyğular oyanır, insanlar arasında səmimiyyət və mehribanlıq əlaqələri möhkəmlənir, biri-birinə qayğı və diqqəti artır. Elə bu səbəbdən də baharın müjdəçisi olan Novruz bayramı ərəfəsində "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində “Sizin qayğınız bayram sevinci olsun" aksiyası həyata keçirilir.

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının əməkdaşı Fidan Məmmədli “İki sahil”ə açıqlamasında bildirdi ki, "ASAN Məktub" sosial proqramı 17 mart 2015-ci il tarixində yaradılmışdı. “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır: “7 ilə yaxın müddətdir ki, "ASAN Məktub" sosial proqram çərçivəsində qayğıya ehtiyacı olan 3-14 yaş aralığında uşaqların arzularını reallaşdırmaq üçün bir çox layihələr həyata keçiririk. 30-dan artıq bölgədə 6700-dən çox uşağın arzusu reallaşdırılıb.

Bunun üçün ilk olaraq, həmin uşaqlar "ASAN Məktub" komandası tərəfindən araşdırılır. Həqiqətən ehtiyacı olan uşaqlara məktublar yazdırılır və “asanmektub.az” saytının “Məktublar” bölməsində yerləşdirilir. Daha sonra vətəndaşlar tərəfindən bu cür məktublar öhdəliyə götürülür. "ASAN Məktub" komandası öhdəlik götürən həmin vətəndaşın olduğu ünvana yaxınlaşaraq hədiyyəni ondan götürür və arzusundan olan uşağa çatdırır. Məktubları yazan uşaqların məlumatları bizdə anonim saxlandığına görə daha sonra vətəndaşa hədiyyə ilə birlikdə həmin uşağın şəkli göndərilir.”

F.Məmmədlinin sözlərinə görə, "ASAN Məktub" sosial proqram çərçivəsində bir çox xeyriyyə layihələri gerçəkləşib: “Bunlardan biri də “Sizin qayğınız bayram sevinci olsun" aksiyasıdır. Martın 23-nə qədər davam edəcək layihə çərçivəsində Əhmədli qəsəbəsi, 20 Yanvar və Koroğlu metro stansiyalarının yaxınlığında yerləşən "BRAVO" hipermarketlərində yerləşən "ASAN Məktub" stendləri qurulub və həmin stendlərdə “ASAN Könülləri” fəaliyyət göstərirlər. Stendlərimizdə Bakıdan, eləcə də müxtəlif bölgələrimizdən qayğıya ehtiyacı olan uşaqların arzularının yazıldığı məktublar asılıb. Qısa zamanda layihəmizə 20 Yanvardakı "BRAVO" hipermarketlərində 115, Koroğludakı filialdan 58, Əhmədlidən isə 28 məktub öhdəliyə götürülüb.”
Müsahibimiz vurğuladı ki, "ASAN Məktub" sosial proqramlarının stendlərində iki ASAN könüllüsü fəaliyyət göstərir: “Onlardan biri layihəmiz haqqında vətəndaşlara məlumat verir, digəri isə sənədləşmə işlərini həyata keçirir. Vətəndaş məktublardan hər hansı birini öhdəliyinə götürmək istəyirsə ona uyğun zərf açılır, öhdəlik vərəqlərindəki zəruri bölmələr məlumatlarla doldurulur.Vətəndaş hədiyyəni özü gətirə bilmirsə, ASAN könüllüləri vətəndaşın yerləşdiyi ünvandan hədiyyəni alıb, 3 filialdan hər hansı birinə gətirilir. Daha sonra ehtiyacı olan uşağa çatdırılır.”
F.Məmmədli əlavə etdi ki, vətəndaşlar onlayn müraciət etməklə də layihədə iştirak edə bilərlər: “Belə ki, vətəndaşlar “asanmektub.az” saytının “Məktublar” bölməsinə daxil olaraq arzusunu gerçəkləşdirmək istədiyi uşağın məktubunu seçə bilərlər.

Həmsöhbətimiz məktublardan söz açmışkən qeyd etdi ki, artıq bəzi məktublardakı hədiyyələr alınıb və sahiblərinə çatdırılacaq: “Gördüyünüz kimi, hazırda stendimizin yanında Balakəndən olan uşaqlardan biri öz arzu məktubuna oyuncaq “Kamaz” və əsgər forması istədiyini qeyd edib. Məktubu öhdəliyinə götürən vətəndaş tərəfindən artıq həmin hədiyyə alınıb. Digər hədiyyə bağlamasında isə paltar dəsti və oyuncaq var. Vətəndaş əlavə olaraq öz istəyinə uyğun hədiyyə də alıb. Yaxın 2-3 gün ərzində hədiyyəni uşağa təhvil verəcəyik və vətəndaşa hesabat xarakterli foto atacağıq.
F.Məmmədlinin sözlərinə görə, layihənin əsas məqsədi Novruz bayramı ərəfəsində qayğıya ehtiyacı olan 1000 uşağın arzusunu yerinə yetirməkdir: “İstəyirik ki, uşaqlar sevinsin, üzləri hər zaman gülsün. Vətəndaşlara çağırışımız budur ki, layihəmizdə daha fəal iştirak etsinlər ki, daha çox uşağı sevindirə bilək. Novruz bayramında daha çox uşağı xoşbəxt edək. Uşaqların xəyallarındakı gizli qəhrəmanlardan biri də siz olun. Hər birinizi gözləyəcəyik.”

Layihədə iştirak edən vətəndaşlardan biri Səbinə Cəfərova “İki sahil”ə bu təşəbbüs haqqındakı təəssüratından bəhs etdi: “Bir vətəndaş kimi sevinirik. İstərdik ki, bu cür sosialyönümlü tədbirlər, xeyriyyə aksiyaları davamlı olsun. Xüsusilə də bayram ərəfəsində belə bir aksiyanın olmasını alqışlayıram. Humanist təşəbbüsdür. Qayğıya ehtiyacı olan uşaqlara yardım etmək vətəndaş kimi bizim borcumuzdur. Əmin olun ki, sizin qayğınız heç bir zaman nə o ailələrin, nə də bu uşaqların yaddaşından silinməyəcək. Yaxşılıq heç vaxt unudulmur. Mən özüm də layihəni bəyəndim və məmnuniyyətlə qoşuluram.”
Yaqut Ağaşahqızı, “İki sahil”