Vətən müharibəsi Şəhidi Babayev Elvin Əkbər oğlunun ad günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon nümayəndələri və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
“İki sahil” xəbər verir ki, şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
19 yaşlı şəhid Elvin Əkbər oğlu Babayev 28 fevral 2001-ci ildə, Gəncə şəhərində anadan olub. Özündən kiçik bir qardaşı var. Daha sonra ailə Bakıya köçüb.
2008-ci ildə Elvin Bakı şəhəri leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olub. Vətənpərvər və fəal şagird kimi tanınan Elvin təhsil aldığı tam orta məktəbdə “Gəncə Şahinləri” hərbi komandasının manqa komandiri olub.
Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Təxris edilməsinə cəmi 3 ay qalmış əzəli torpaqlarımızı düşmən işğalından azad etmək Vətən müharibəsi başlayıb. Ağdam və Xocavənd rayonları istiqamətində döyüşən əsgər Babayev 2 oktyabrda Xocavənddə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Elvin Babayev "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.