Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar” layihəsi çərçivəsində şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirilib, Novruz bayramı şənliyi qeyd edilib.
Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.
Lahiyə çərçivəsində “Qaradağ rayonu üzrə İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərimiz” adlı kitabça nəşr olunub və tədbir iştirakçılarına paylanılıb. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olan Qaradağ rayonu ərazisində yaşamış şəhidlərimiz haqqında qısa məlumat verilir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və şəhid ailələrinin üzvləri Fəridə İsmayılova, Leyla Musayeva, Pakizə Abbasova, Nizami Hüseynov və başqaları çıxış ediblər.
Tədbirin bədii hissəsində Qaradağ rayonu Ələt qəsəbəsi 302 saylı orta məktəbin və Qaradağ Rayon Mədəniyyət Sarayının bədii özfəaliyyət kollektivinin nümayəndələri şeirlər söyləyib, mahnılar oxuyub və ədəbi-bədii kompozisyalar nümayiş etdiriblər.
Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, həmin layihə çərçivəsində növbəti tədbirlərin keçirilməsi Qaradağ rayonunun Sahil, Qobustan və Ələt qəsəbələrində nəzərdə tutulub.
İlkin Əliyev,
Gənc Politoloqlar Mərkəzinin sədri