15 mart 2022 00:26
752

İqtisadiyyatda 7 faizə yaxın artım: Hansı sahələrin hesabına?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

ÜDM istehsalının 53,6 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 faizi digər sahələrin payına düşüb. Bununla da cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-də sənayenin payı 12,4 faiz-bənd,  turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payı isə 0,5 faiz-bənd artıb. Bunun müqabilində ÜDM-də ticarətin payı 2,8 faiz-bənd, tikintinin payı 1,6 faiz-bənd, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığlın payı 0,8 faiz-bənd, informasiya və rabitənin payı isə 0,7 faiz-bənd azalıb.

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında ÜDM istehsalının 41,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüşdü.  

Bu, o deməkdir ki, yanvar-fevral aylarında iqtisadiyyatın 6,7 faiz böyüməsi  sənayenin ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasının təsiri fonunda reallaşıb. Həmçinin neft sektorunda əlavə dəyərin artımının 1 faizdən az olmasına baxmayaraq iqtisadiyyatdakı məlum böyümə qeyri-neft sektorunun ÜDM-dəki nisbətinin   kifayət qədər iri olmasından xəbər verir. Yanvar ayında qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payı 50 faizdən çox olub.

Ötən il qeyri-neft ÜDM-də artım 7,2  faiz təşkil edib ki, bu da 2014-cü ildə qeydə alınmış 7 faizlik artımın yenilənməsi deməkdir.  İqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə  doğru” mövzusunda Forumda  bildirib ki, koronavirus (COVID-19) pandemiyası, iqlim  dəyişikliyi, təchizat zəncirində yaranmış problemlər, enerji, maliyyə və digər bazarlarda dalğalanmalar Azərbaycan iqtisadiyyatına da təsir etsə də hökumət bu təsirlərin neytrallaşdırılması, iqtisadi inkişafın saxlanılması üçün zəruri addımlar atıb. O qeyd edib ki, 2021-ci ildən Azərbaycan iqtisadiyyatında bərpa prosesi başlayıb. Bu isə ÜDM-in artımında özünü göstərir.

Əlavə edək ki, hesabat dövründə ötən illə müqayisədə əhalinin hər nəfərinə düşən ÜDM də artıb. Belə ki, bu ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən ÜDM 1909,7 manata bərabər olub. Ötən ilin ilk iki ayında bu göstərici 1201,6 manata bərabər olmuşdu.  

Ötən illə müqayisədə məhsula və idxala xalis vergilərdə də cüzi də olsa artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-fevral aylarında məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdisə, cari ilin eyni dövründə bu göstərici 9,8 faizə yüksəlib.

Ceyhun Piriyev, “İki sahil”