15 mart 2022 14:51
589

YAP böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib FOTO

Martın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Su-kanal sahəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaq iştirakçıları Torpaq çərşənbəsi ilə bağlı bir-birlərini təbrik ediblər, bu müqəddəs gündə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən natiqlər 1998-ci ilin mart ayının 24-də ulu öndər Heydər Əliyevin müqəddəs Novruz Bayramı ilə əlaqədar söylədiyi fikirləri bir daha xatırladıblar.

Ümummilli lider Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaq. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Tədbirdə ərazi partiya təşkilatı sədrinin hesabat məruzəsi dinlənilib. Sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatının yeni sədri və müavini seçilib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək ölkəmizin və regionun alternativsiz partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlar haqqında ətraflı danışıb. O, partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam-intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib, yığıncaq iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək səmimi arzularını çatdırıb.

Tədbirdə bir qrup şəxs YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Çoxsaylı YAP üzvləri ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü uğurlu siyasəti bundan sonra da geniş şəkildə təbliğ edəcəklərini və Daşkəsən şəhər sakinlərinə daha yüksək səviyyədə xidmət edəcəklərini bəyan ediblər.

Cavid Əkbərov, “İki sahil”