16 mart 2022 17:45
610

Biləsuvarın icra başçısı növbəti səyyar qəbulu Aşağı Cürəli kənd sakinləri ilə keçirib FOTO

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Prezidentin qarşıya qoyduğu vəzifələr Biləsuvar rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi fərdi qəbullarla yanaşı vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsinə artıq başlanılıb.

“İki sahil” xəbər verir ki, bu məqsədlə mart ayının  16-da icra başçısı Faiq Qürbətov növbəti səyyar qəbulunu rayonun iri yaşayış məntəqələrindən olan Aşağı Cürəli kəndində keçirib. Rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin  iştirak etdiyi səyyar qəbulda əvvəlcə Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Biləsuvar rayonunda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial infrastruktur layihələri barədə sakinlərə məlumat verib.

İcra başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaq.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyəti başçısının Aşağı Cürəli  kəndində keçirdiyi  səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.