Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı çox böyük qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir.
Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.
Alternativ enerji layihələrinin həyata keçirilməsi üçün ölkəmizdə çoxlu bərpaolunan enerji stansiyaların əsası qoyulur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının ölkəmizin energetika sahəsində əlamətdar hadisə olduğunu vurğulayan cənab Prezident qeyd etmişdir ki, 230 meqavat gücündə olan bu stansiya enerjiyə artan tələbatımızı ödəyəcəkdir. Ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bərpaolunan enerjidən istifadə artıq bir qlobal trenddir. İstər ekoloji töhfələr baxımından, istərsə də tükənən resurslardan istifadənin daha qənaətli bir rejimdə istifadəsi baxımından bərpaolunan enerji mənbələrindən istifadə çox zəruridir. Bu istiqamətdə də dünyanın nəhəng şirkətləri ölkəmizdə fəaliyyət göstərməyə maraqlarını ifadə edirlər.
“Acwa Power” şirkəti ilə inşa ediləcək 240 MVT gücündə külək elektrik parkı, “Masdar” şirkəti ilə 230 MVT gücündə günəş elektrik stansiyası işə düşəcək. Bu iki layihənin xüsusi önəmi ondan ibarətdir ki, onlar artıq gələcək layihələr üçün xüsusi platforma rolunu oynayacaq. Həmçinin bu layihələr çərçivəsində özümüz də təcrübə qazanacağıq. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının artması çox yaxşı tendensiyadır. Bu layihələr gələcəkdə daha da geniş vüsət alaraq enerji sektorunda mühüm əhəmiyyətə malik olacaqdır.
Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü