Milli Məclisin Vl çağırış deputatı Əliabbas Salahzadə Ramanada yaşayan şəhid baş- leytenant Tural Əsgərlinin ailəsinə baş çəkərək, ailə üzvlərinin bayramını təbrik edib. Görüşdə şəhidin keçdiyi peşəkar hərbçi yoluna nəzər salınıb, yaxınları Zəfər xatirələrindən danışıb.
“İki sahil” xəbər verir ki, görüş zamanı şəhidin həyat yoldaşı Vüsalə Əsgərli dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıq edib. O, bildirib ki, bir neçə ay bundan əvvəl ailə sosial evlə də təmin olunub.
Millət vəkili Əliabbas Salahzadə bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən bu igidlər gələcək nəsillər üçün örnək sayılır və onların əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaq. O, həmçinin şəhid ailələrinin qarşılaşa biləcəkləri istənilən problemlərlə, o cümlədən məişət, məşğulluq, təhsil və səhiyyə xidmətləri ilə bağlı ona dərhal məlumat verilməsini istəyib və bu işlərdə hər zaman onlara yardım etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, baş-leytenant Tural Əsgərli oktyabr ayında Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və ll Şəhidlər Xiyabanında dəfn edilib. O, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Onun iki qızı Vətənə əmanət qalıb.