18 mart 2022 00:32
1011

Geosiyasi vəziyyətin dəyişməsi Azərbaycanın tranzit imkanlarını artıra bilərmi?

Ukraynada baş verən məlum hadisələr Çin-Avropa istiqamətində yüklərin daşınmasına da təsirini göstərmək iqtidarındadır. Söhbət ondan gedir ki,  bu istiqamətdə daşımalarda əsas marşrutun Rusiya üzərindən keçməsi onun əhəmiyyətini azaldacağı gözlənilir. Bu baxımdan tranzit potensialını reallaşdırmağa çalışan Azərbaycanın da bu istiqamətdə daşımalara alternativ olan Orta Dəhlizdə yerləşməsi ölkəmiz üçün yeni imkanlar yarada bilər.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılmış Orta Dəhliz və yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarına xidmət edir. Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamətdə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 

Orta Dəhlizin çatışmayan cəhəti Xəzər dənizi və Qara dənizdən keçməsidir.  Bu cəhəti onun əsas marşrutla müqayisədə rəqabətliliyini azaldır.

Ötən il əsas marşrutla 700 min TEU konteyner daşınıb. Orta Dəhliz vasitəsilə Azərbaycanın üzərindən isə təxminən 50 min TEU konteynerin daşındığı məlumdur. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı)  yükaşırma qabiliyyətinin illik 150 min TEU konteyner olmasını nəzərə alanda  əsas marşrutla daşınan konteyner sayının bir hissəsinin Orta Dəhlizə yönəlməsi Azərbaycanın tranzit potensialının reallaşdırılması istiqamətində qarşıya qoyulmuş məqsədə çatmağa imkan verə bilər. Qeyd edək ki, ötən il “Bakı Limanı”nda 45 min TEU konteyner aşırılıb.      

“Bakı Limanı”nın baş direktoru Taleh Ziyadov hesab edir ki, məlum vəziyyət orta dəhlizin əhəmiyyətini qısa və orta müddətdə artıracaq. Dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır.

T.Ziyadov bildirib ki, bu hadisələr, həmçinin Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələdir. Belə ki, daha öncə Qara dənizdə işini yekunlaşdıran konteynerlərin bir addım da irəli gələrək Ələtə çatdırılması və Ələtin paylayıcı mərkəz funksiyasını yerinə yetirməsinin zamanı çatıb. Yəni, 130 milyon insanın yaşadığı bu regionun paylayıcı mərkəz funksiyalarının Ələtdən həyata keçirilməsi fürsəti yaranıb.

Dəmiryolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış “Railfreight” nəşri yazır ki, Finlandiyanın “Nurminen Logistics” logistika şirkəti və Qazaxıstan Dəmir Yolları Orta Dəhlizdən istifadəyə dair saziş imzalayıblar. Nəşr vurğulayır ki, Finlandiya şirkəti, əsasən Çindən Qazaxıstan və Rusiya üzərindən Finlandiyanın Helsinki və Kotka terminallarına gedən marşrutdan istifadə etməklə həm Şərq, həm də Qərb istiqamətlərində dəmir yolu yükdaşıma xidmətləri göstərir. Lakin Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı vəziyyət bu ölkə ərazisindən tranziti çətinləşdirir. Tərəflər aprel-iyun aylarında bu marşrutla sınaq qatarlarını işə salmağı planlaşdırır. Həmçinin bildirilir ki, getdikcə daha çox şirkət Rusiya ərazisindən keçərək yükdaşıma fəaliyyəti həyata keçirməkdən yayınmağa çalışır. 

Ceyhun Piriyev, “İki sahil”