18 mart 2022 21:13
656

Əhalini narahat edən məsələlər həll olunur

Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin vətəndaşlarla növbəti  səyyar qəbulu  Günəşli kəndində keçirilib. Burada qarşıya qoyulan əsas məqsəd kənd sakinlərini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması  üçün  əməli iş görmək olubdur.  Qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları və aidiyyəti idarə rəhbərləri iştirak ediblər.

C.Baxşıyev günəşlilərin qarşısında deyibdir:  “Vətən müharibəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halına  yönəldilmiş qərarlar hər bir vətəndaşın qurub-yaratmaq əzmini artırır.  Bizim diyarında, eləcə Günəşli kəndinin daxil olduğu Noda ərazisində son vaxtlar həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, açılan yeni iş yerləri buna gözəl nümunədir.”

Qəbulda kənd sakinlərinə də söz verilib. 9 vətəndaş dinlənilib. Onlar kəndə “mavi” qaz verməyə, Noda kənd məktəbinin əsaslı təmirinə, Noda kəndinin internet şəbəkəsinə qoşmağa, ərazidə elektrik xətlərinin təmirinə və digər problemlərin həllinə köməklik etməyi bildirdilər və ərazidə aparılan abadlıq, yenidənqurma işlərinə , son vaxtlar onların müraciətlərinə xüsusi diqqət verdiyinə  görə ölkə başçısına, eləcə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Qəbulda qaldırılan problemlərə gəldikdə isə  bir qisminin həllinə yerindəcə köməklik göstərilib, bir sıra məsələlərin  qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və həlli mərkəzi icra hakimiyyəti orqanlardan asılı olan məsələlərlə bağlı qeydlər aparılıb. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü