28 avqust 2026 19:40
87

Hava dəyişəndə arterial təzyiqə nəzarət vacibdir - Kardioloq

Atmosfer təzyiqi dəyişəndə orqanizm niyə reaksiya verir?

Hava şəraitinin dəyişməsi bəzi insanlar üçün sadəcə temperaturun artıb-azalması ilə məhdudlaşmır. Atmosfer təzyiqindəki dəyişikliklər də müəyyən insanlarda baş ağrısı, halsızlıq, başgicəllənmə, yorğunluq və ürəkdöyünmə kimi şikayətlərin artmasına səbəb ola bilər. Xüsusilə özlərini hava dəyişikliklərinə həssas hesab edən insanlar belə günlərdə müxtəlif narahatlıqlar yaşadıqlarını bildirirlər.

Bəs atmosfer təzyiqinin dəyişməsi orqanizmə həqiqətən təsir edirmi və meteohəssaslıq nə dərəcədə elmi əsaslara malikdir?

Meteohəssaslıq dedikdə insanın hava şəraitində baş verən dəyişikliklərə fiziki reaksiyası nəzərdə tutulur. Temperatur, atmosfer təzyiqi, rütubət, külək və digər meteoroloji amillərdəki dəyişikliklər bəzi insanlarda müəyyən simptomların yaranmasına və ya mövcud şikayətlərin güclənməsinə səbəb ola bilər. Bununla belə, meteohəssaslıq ayrıca xəstəlik hesab edilmir və hava dəyişikliklərinin bütün insanlara eyni təsir göstərdiyini söyləmək mümkün deyil.

Baş ağrısının arxasında hava da dayana bilər

Atmosfer təzyiqi ilə baş ağrısı arasındakı əlaqə elm adamlarının uzun müddətdir araşdırdığı məsələlərdəndir. 2025-ci ildə “Impact of Barometric Pressure Changes on the Severity, Frequency, and Duration of Migraine Attacks” adlı sistematik icmalda bu mövzuda aparılmış 14 araşdırma və ümumilikdə 2 696 iştirakçının məlumatları təhlil edilib. Araşdırmada bəzi tədqiqatların atmosfer təzyiqinin azalması və ya kəskin dəyişməsi ilə miqren tutmalarının tezliyi arasında əlaqə göstərdiyi, lakin ağrının şiddəti ilə bağlı nəticələrin daha qeyri-müəyyən olduğu bildirilib. Müəlliflər mövcud sübutların məhdud olduğunu və daha keyfiyyətli araşdırmalara ehtiyac qaldığını vurğulayıblar. Araşdırma “PubMed” elmi məlumat bazasında yayımlanıb.

Hava şəraitinə həssaslığın bütün insanlarda eyni olmadığını göstərən araşdırmalar da var. 2004-cü ildə “The effect of weather on headache” adlı tədqiqatda miqreni olan 77 nəfər müşahidə edilib. İştirakçıların baş ağrısı gündəlikləri ilə yaşadıqları ərazinin meteoroloji məlumatları müqayisə olunub. Nəticədə 39 nəfərin, yəni iştirakçıların 50,6 faizinin hava amillərinə həssas olduğu müəyyən edilib. Tədqiqatçılar bununla yanaşı, insanların özlərini hava şəraitinə həssas hesab etməsi ilə obyektiv müşahidələr arasında fərq olduğunu da qeyd ediblər. Araşdırma “Headache” jurnalında dərc olunub və “PubMed”də indekslənib.

Atmosfer təzyiqinin konkret olaraq miqrenə təsirini araşdıran başqa bir tədqiqatda isə 28 miqren xəstəsi bir il ərzində müşahidə edilib. Tədqiqatın nəticələrinə görə, iştirakçıların 18-də, yəni 64 faizində hava dəyişiklikləri ilə miqrenin yaranması arasında əlaqə müəyyənləşdirilib. 14 nəfər aşağı atmosfer təzyiqini baş ağrısının səbəblərindən biri kimi göstərib. Araşdırmanın müəllifləri atmosfer təzyiqindəki dəyişikliklərin miqreni gücləndirən amillərdən biri ola biləcəyi qənaətinə gəliblər. Bu nəticələr də “PubMed”də yayımlanan elmi araşdırmada əksini tapıb.

Elmi nəticələr də həmişə eyni deyil

Lakin bütün araşdırmalar atmosfer təzyiqi ilə baş ağrısı arasında eyni dərəcədə güclü əlaqə göstərmir. Məsələn, 2026-cı ildə İspaniyada 2010–2023-cü illəri əhatə edən 14 illik tibbi məlumatların təhlilinə əsaslanan araşdırmada temperatur, barometrik təzyiq və küləyin miqrenlə əlaqəsi araşdırılıb. Çoxsaylı amillər nəzərə alındıqdan sonra həmin tədqiqatda həftəlik miqren müraciətləri ilə müstəqil əlaqəsi olan əsas dəyişənin cins olduğu, atmosfer göstəricilərinin isə müstəqil təsirini saxlamadığı müəyyən edilib. Bu nəticə göstərir ki, meteohəssaslıq məsələsi hələ də tam aydınlaşdırılmış mövzu deyil və hava şəraitinin təsiri insandan-insana dəyişə bilər. Araşdırma “PubMed”də dərc olunub.

Məsələ ürəyə çatanda risklər dəyişir

Məsələ yalnız baş ağrısı və miqrenlə də məhdudlaşmır. Atmosfer təzyiqinin ürək-damar sistemi ilə mümkün əlaqəsi də elmi araşdırmalarda diqqət çəkir. Çexiyanın Praqa şəhərində 1994–2009-cu illəri əhatə edən araşdırmada atmosfer təzyiqindəki kəskin dəyişikliklərlə ürək-damar xəstəlikləri səbəbilə xəstəxanaya müraciətlər arasındakı əlaqə öyrənilib. Tədqiqatçılar qış aylarında atmosfer təzyiqinin kəskin azalmasının ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanaya müraciətlərin əhəmiyyətli dərəcədə artması ilə əlaqəli olduğunu müəyyən ediblər. Eyni zamanda, bu əlaqənin yay aylarında müşahidə olunmadığı və təzyiqin artmasının bütün fəsillərdə eyni nəticəni vermədiyi bildirilib. Araşdırma “International Journal of Biometeorology” jurnalında dərc olunub və “PubMed”də yer alır.

Bununla belə, havanın ürək-damar sisteminə təsirini yalnız atmosfer təzyiqi ilə izah etmək düzgün olmaz. Temperaturun kəskin dəyişməsi, rütubət, külək, fiziki aktivlik, maye qəbulu, stress və insanın mövcud xəstəlikləri də orqanizmin reaksiyasında rol oynaya bilər. Elmi araşdırmalar da xüsusilə isti və soyuq hava şəraitinin ürək-damar xəstəlikləri ilə əlaqəsini göstərən nəticələr ortaya qoyub. Məsələn, Çexiyada aparılan başqa bir araşdırmada isti və soyuq günlərin ürək-damar xəstəlikləri ilə bağlı ölüm və xəstələnmə göstəricilərinə təsiri araşdırılıb və temperatur ekstremallarının ürək-damar sistemi üçün əlavə risk yarada biləcəyi göstərilib.

Deməli, “hava dəyişdi, özümü pis hiss edirəm” müşahidəsinin bəzi insanlarda real fizioloji əsasları ola bilər. Lakin bunu hər kəs üçün keçərli qayda kimi qəbul etmək olmaz. Bir insan atmosfer təzyiqindəki dəyişiklikləri heç bir narahatlıq olmadan keçirə bilər, digər şəxs isə həmin dövrdə baş ağrısı, halsızlıq və ya ürəkdöyünmə hiss edə bilər. Üstəlik, bəzi insanların hava dəyişikliklərinə həssas olduğunu düşünməsi ilə obyektiv olaraq hava amillərinə həssaslığın müəyyən edilməsi arasında da fərq ola bilər.

Bəs ürək bu dəyişikliklərə necə cavab verir?

Kordioloq Aynur Məmmədova "İki sahil"ə açıqlamasında bildirdi ki, hava şəraiti bəzi insanlarda arterial təzyiqin dəyişməsinə və ürəkdöyünmələrin artmasına təsir göstərə bilər. Soyuq havada damarlar daralır ki, bu da arterial təzyiqin yüksəlməsinə və ürəyin iş yükünün artmasına səbəb ola bilər. İsti havada isə damarlar genişlənir, tərləmə və maye itkisi artır. Nəticədə bəzi insanlarda arterial təzyiqin enməsi, halsızlıq və ürəkdöyünmə kimi şikayətlər yarana bilər.

Aynur Məmmədovanın sözlərinə görə, atmosfer təzyiqindəki dəyişikliklər də bəzi insanlarda baş ağrısı, halsızlıq və ürəkdöyünmə kimi narahatlıqları artıra bilər. Bununla belə, insanın özünü necə hiss etməsində yalnız hava şəraiti deyil, temperatur, rütubət, fiziki aktivlik, maye qəbulu və mövcud ürək-damar xəstəlikləri də mühüm rol oynayır.

Kardioloq xüsusilə ürək-damar xəstəliyi olan insanların kəskin isti və soyuq havalarda özlərini daha yaxşı qorumalı olduqlarını vurğulayır. Kifayət qədər maye qəbul etmək, arterial təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq və həkim tərəfindən təyin olunan dərmanları qəbul etmək vacibdir. Dərmanların dozası və ya qəbul qaydası isə həkim məsləhəti olmadan dəyişdirilməməlidir.

Göründüyü kimi, atmosfer təzyiqindəki dəyişikliklərin bəzi insanlarda müəyyən fiziki şikayətlərlə əlaqəli ola biləcəyinə dair elmi məlumatlar mövcuddur. Lakin araşdırmaların nəticələri tam yekdil deyil və meteohəssaslığın təsiri fərdi xüsusiyyətlərdən asılıdır. Buna görə də hava dəyişdikdə yaranan hər bir baş ağrısı, halsızlıq və ya ürəkdöyünməni yalnız atmosfer təzyiqi ilə əlaqələndirmək düzgün deyil. Xüsusilə şikayətlər davamlı və ya güclüdürsə, onların başqa səbəblərinin olub-olmadığını müəyyənləşdirmək üçün həkimə müraciət etmək daha doğru yanaşmadır.

Nigar Orucova, "İki sahil"