28 avqust 2026 19:20
97

Qərəzli kampaniyanın tərkib hissəsi

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, Cənubi Qafqaza yeni reallıqlar gətirməsini bəzi ölkələr, o cümlədən Rusiya hələ də həzm edə bilmir. Odur ki, onlar bölgəni yenidən qan çanağına çevirmək məqsədilə dəridən-qabıqdan çıxırlar. Belə ki, Rusiyadakı radikal qruplar bu ölkənin bəzi sosial şəbəkə və media platformalarında, həmçinin televiziya kanallarında Azərbaycana qarşı təxribatçı çıxışlar edir, ölkəmizə qarşı hədyanlar yağdırırlar. Belə ritorika artıq normal siyasi diskussiya çərçivəsindən kənara çıxır və iki ölkə arasında onsuz da həssas olan ictimai münasibətlərə mənfi təsir göstərir.

Şübhəsiz, beynəlxalq hüquq normalarını, eləcə də dövlətlərarası münasibətlərin fundamental prinsiplərini kobud şəkildə pozan bu cür genişmiqyaslı qarayaxma kampaniyaları təsadüfi xarakter daşımır. Ölkəmiz əleyhinə məqsədyönlü informasiya təxribatı və səsləndirilən fikirlər iki dövlət arasındakı münasibətlərə tamamilə ziddir. Bu mənada müasir beynəlxalq münasibətlər sistemində media resurslarından psixoloji və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi təəssüf doğurur. Elə bu səbəbdən Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı. Görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılmışdı.

Amma Rusiyadakı bəzi qüvvələr öz çirkin əməllərini davam etdirməkdədirlər. Belə ki, avqustun 27-də naməlum şəxslər Moskvada Azərbaycan səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdiriblər. Bu mənada demək olar ki, Moskvanın Azərbaycana qarşı “sürpriz”ləri tükənmək bilmir ki, bilmir. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etdiyini, eyni zamanda son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğunu bildirib: “Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”.

Bəs Rusiyadakı bu təxribatlar nədən qaynaqlanır? Şübhəsiz, bəzi qüvvələr Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə barışmaq istəmirlər. Belə görünür ki, Moskva Azərbaycanın yaratdığı reallığı qəbul etməkdə tərəddüd edir. Çünki Qarabağ imperiya üçün Cənubi Qafqazda dayaq nöqtəsi, poliqon idi. Bu mənada Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri vüsəti, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması , bir sözlə, sözügedən ölkənin planlarından kənarda qalması, əgər belə demək mümkündürsə, onun iştahına soğan doğrayıb.

Yeri gəlmişkən, Ermənistanın müstəqil siyasət yürüdən Azərbaycana yaxınlaşması, iki ölkə arasında münasibətlərin normallaşması da Rusiyanı özündən çıxarır. Elə bu kimi səbəblərdən Rusiya ilə iqtisadi əlaqələri tamamilə itirmədən Avropa və regional bazarlara çıxışını artırmağa çalışan Ermənistan arasında münasibətlərdə gərginlik davam edir.

Digər bir məsələni də vurğulayaq. Rusiya bu yolla öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Ukrayna ilə əməkdaşlıq edən, ona humanitar yardımlar göstərən dövlətlərə qarşı da qəzəblidir.  Amma Rusiya unutmasın ki, belə təxribatlar Azərbaycan adına heç nəyi dəyişmir və dəyişməyəcək də… Nəqliyyat və enerji imkanlarını artıran, türk dövlətləri və Avropa ilə əlaqələrini daha da genişləndirən, regional proseslərdə söz sahibi olan güclü də qüdrətli Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir və hec bir qüvvə bu siyasətə təsir edə bilməz.

Qvami Məhəbbətoğlu, “İki sahil”