27 avqust 2026 21:59
110

Özbəkistan Mərkəzi Asiyanın yüksələn iqtisadiyyatına necə çevrildi?

Bu ölkə 147 milyardlıq ÜDM-ilə  dünyanın ən böyük 60 iqtisadiyyatından birinə sahibdir

Qardaş və dost  Özbəkistan dövləti  2020–2025-ci illərdə qlobal və regional çağırışlara baxmayaraq, Mərkəzi Asiyanın və dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından birinə sahib olmuşdur.  Xatırladaq ki, hələ 2020-ci il,  yəni  koronavirus pandemiyası dövrü  bu ölkədə qlobal böhran səbəbindən ÜDM artımı 0 faizə qədər  yavaşlasa da, iqtisadiyyat tam tənəzzüldən (resessiyadan) qorunmuşdur . Lakin  postpandemiya  dövründə bu  ölkə genişmiqyaslı struktur islahatları, xarici investisiya axını və daxili tələbatın artması sayəsində davamlı inkişaf nümayiş etdirmişdir. Belə ki, 2021–2023-cü illərdə pandemiyadan sürətli bərpa dövrü başlamış, ÜDM artımı müvafiq olaraq 7.4 faiz, 6.2 faiz və 6.3 faiz təşkil etmişdir.

2024–2025-ci illərdə də  iqtisadi artım tempi daha  sürətlənmişdir. Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM 2024-cü ildə 6.7 faiz, 2025-ci ildə isə son 5 ilin ən yüksək göstəricisi olan 7.7 faiz  artmışdır. Ölkənin nominal ÜDM-i təxminən 147 milyard ABŞ dollarına çataraq Özbəkistanı dünyanın ən böyük 60 iqtisadiyyatından birinə çevirmişdir.

Bəs Özbəkistanda inkişaf edən və ölkənin aparıcı sahəsinə çevrilən  isiqamətlər hansılardır ? İlk növbədə tikinti və xidmət  sektorudur. Bu sahələrdə artım ardıcıllığı belə olmuşdur : xidmət 14.7 faiz və tikinti 14.2 faiz…

 Sənaye Modernizasiyası da inkişaf edən istiqamət olmuşdur. Burada avtomobil sənayesi, tekstil (toxuculuq) və energetika sahələrinə yönələn investisiyalar sayəsində sənaye istehsalı 2025-ci ildə 6.8 faiz  artmışdır. Nəticədə inflyasiya azalmağa başlamışdır. Yəni, əgər 2023-cü illərdə inflyasiya ikirəqəmli  idisə, həyata a keçirilən sərt pul-kredit siyasəti nəticəsində  2025-ci ildə bu, 7.3 faizə qədər enmişdir.

Özbəkistanın sürətli inkişafına iqtisadi bazanı yaradan digər önəmli məsələ ölkəyə miliyardlarla dollar investisiya axını olmuşdur. Xüsusilə ölkənin investisiya mühitinin liberallaşdırılması xarici kapitalı cəlb etmişdir. Təkcə ötən il Özbəkistan 43 milyard dollardan çox xarici investisiya cəlb etməyə nail olmuşdur. Bundan başqa,  xarici ticarətin genişlənməsi prosesi sürətlənmihdir. Nəticədə  2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 81 milyard dolları keçmiş, ixrac isə enerji, tekstil və kənd təsərrüfatı məhsulları hesabına 24 faiz artmışdır.

Özbəkistanın iqtisadi inkişafı əhalinin sosial-rifahını yüksəltmiş, xüsusilə işsizlik problemi  azalmışdır. İndi bu ölkədə  özəl sektorun genişlənməsi sayəsində işsizlik səviyyəsi rekord həddə- 4.8 faizə enmişdir. Bununla bərabər, gəlirlərin artması prosesi davam  etmişdir. Əhalinin real gəlirləri xaricdən gələn pul baratlarının və daxili maaş artımlarının hesabına 2025-ci ildə 9.2 faiz yüksəlmişdir.

Ölkədə əhalinin sayıında da artımlar davam edir. Bu gün Özbəkistanda  demoqrafik üstünlük mövcuddur. Beləki, burada əhalinin sayı 38 milyonu keçmişdir. Bütün bunlara rəğmən demək olar ki, 2020–2026-ci illər Özbəkistan üçün dövlət nəzarətində olan köhnə sistemdən, azad bazar iqtisadiyyatına və geniş regional inteqrasiyaya uğurlu keçid dövrü kimi xarakterizə olunur.

Hazırda sürətli inkişaf  dövrünü yaşayan Özbəkistan  Azərbaycanla da geniş iqtisadi- ticarət əlaqələrinə malikdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müəyyənləşdirdikləri strateji kursa uyğun olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollar səviyyəsinə çatdırılması nəzərdə tutulur. Statistik göstəricilər bu hədəfin reallığını təsdiqləyir. Məlumdur ki,  2025-ci il ikitərəfli ticarət dövriyyəsi təqribən  795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfədən çox artım deməkdir.

Müsbət  artım tempi cari ildə də davam edir. Bu ilin 5 ayında iki ölkə aasında ticarət dövriyyəsi 144 milyon dollar olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb. Qeydə alınan yüksək artım templəri göstərir ki, 1 milyard dollarlıq həddəfə  daha tez çatmaq olacaq.

Elçin Zaman, "İki sahil"