Hər dəfə keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır.
Bu sözləri Prezident İlham Əliyev iyulun 11-də Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə demişdir. “İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün. Bundan sonra bu proses daha geniş vüsət alacaq”, – dövlətimizin başçısı əlavə etmişdi.
Artıq xeyli vaxtdır ki, keçmiş məcburi köçkünlər bir zamanlar böyük əzablarla, ağlaya-ağlaya tərk etdikləri yurdlarına gülə-gülə qayıdırlar. Bununla da onlar tarixi günlərini yaşayırlar. Çadırlarda, vaqonlarda, yataqxanalarda acınacaqlı şəraitdə yaşamış bu insanlar sevinclə qədəm qoyduqları yeni evlərində xoşbəxt həyata başlayırlar. Bəli, onların həsrəti artıq tarixə qovuşur. Prezident İlham Əliyev də sakinlərlə səmimi söhbət edərək onların hazırkı yaşayış şəraiti ilə yaxından maraqlanır, qayıdış sevinclərinə şərik olur. Şübhəsiz, dövlətimizin başçısının mütəmadi olaraq yeni yaşayış məntəqələrinin, sosial obyektlərin və istehsal müəssisələrinin açılışlarında iştirak etməsi bu prosesə verilən yüksək diqqətin göstəricisidir. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə hazırda yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 mini ötüb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış bu gün daha sürətlə davam etdirilir. Bunu elə avqust ayında öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin qayıdışı bir daha sübut edir. Bir neçə fakta müraciət edək: avqustun 25-də Xocavənd şəhərinə 19 ailə olmaqla 88 nəfər, Quzeyxırman kəndinə 13 ailə olmaqla 61 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə olmaqla 42 nəfər yola salınıb. Avqustun 21-də Xankəndi, Xocalı və Ağdərə növbəti dəfə öz sakinlərinə qucaq açıb. Həmin gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə – 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə – 13 nəfər, Xanyurdu kəndinə 4 ailə – 10 nəfər, Xanabad kəndinə 8 ailə – 31 nəfər, Ballıca kəndinə 3 ailə – 8 nəfər, Təzəbinə kəndinə 14 ailə – 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə – 36 nəfər, Həsənriz kəndinə 6 ailə – 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə – 49 nəfər, Çapar kəndinə 15 ailə – 51 nəfər köçürülüb.
Avqustun 17-də Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə – 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə – 103 nəfər yerləşdirilib. Avqustun 14-də Böyük Qayıdış Proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə köçürülən 102 nəfərdən ibarət 22 ailəyə yeni mənzillərinin açarları təqdim olunub. Avqustun 5-də Xocavənd şəhəri 20 ailəni (81 nəfəri), Qırmızı Bazar qəsəbəsi 2 ailəni (9 nəfəri), Xocavənd kəndi isə 5 ailəni (17 nəfəri) qarşılayıb.
Yeri gəlmişkən qeyd edək ki, keçmiş məcburi köçkünlərin rahat şəkildə yaşamaları üçün həmin məkanlarda günün tələblərinə cavab verən hər cür şərait yaradılıb. Onlar da yaradılmış şəraitdən razılıq edirlər. Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər.
Göstərdiyimiz bu faktları Prezident İlham Əliyevin “Elə olur ki, hər həftə, hər ay, hər gün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır” sözlərinin təsdiqi kimi dəyərləndirmək olar. Şübhəsiz, bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsidir. Elə bu quruculuq işləri illərlə doğma yurdlarından ayrı düşmüş insanların qayıdışını təmin edir.
Bir məsələni də vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də keçmiş məcburi köçkünlərin yurd-yuvalarına qayıdışının təmin edilməsi Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şübhəsiz, əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəraiti yaradıldıqca azad edilmiş yurd yerlərinə qayıdış daha da sürətlənəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bundan sonra bu proses daha geniş vüsət alacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri