Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Buna görə də Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin isə özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də “Gülüstan” sarayında təməlqoyma mərasiminin keçirilməsi də bütün bunların uğurlu davamı kimi qiymətləndirilir. Prezident İlham Əliyev mərasimdə çıxış edərkən bu barədə deyib: “Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur… 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək”.
Onu da qeyd edək ki, 230 MVt gücündə olan bu bərpaolunan enerji layihəsinin “Masdar” şirkəti tərəfindən icra edilməsi ölkə iqtisadiyyatının ixrac imkanlarının gələcəkdə daha da genişlənməsini şərtləndirir. Belə bir nüfuzlu şirkətin respublikamızda sərmayə qoyması təqdiredici haldır. Bu, həm də Azərbaycanın xarici investisiya üçün cəlbedici və təhlükəsiz, eyni zamanda, əlverişli biznes mühitinə görə tam şəffaf ölkələrdən biri olmasının göstəricisidir. Başqa sözlə, respublikamız coğrafi düzəninə görə investisiya iqliminin əlverişliyi baxımından fərqlənir və xarici tərəfdaşlar qarşısında üzərinə düşən öhdəlikləri yüksək səviyyədə reallaşdırır.
Bildiyimiz kimi, bu gün ölkəmiz xam neft, təbii qaz, neft məhsulları, eləcə də elektrik enerjisini ixrac edən bir dövlətə çevrilib. Azərbaycan elektrik enerjisinin ixracı baxımdan böyük potensiala malik ölkə kimi tanınıb. Azərbaycanla sıx əməkdaşlıq münasibətləri olan Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Masdar” şirkətinin bu sistemlə bağlı zəngin təcrübəyə malik olması da həmin qurumun mövcud sahəyə böyük töhfə verəcəyinə əminlik yaradıb. O da qeyd edilməlidir ki, Azərbaycanda cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb. Yanvar ayında bu sahədə Səudiyyə Ərəbistanını təmsil edən nüfuzlu “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilən 385 meqavat gücündə elektrik stansiyası işə salınıb. Bununla da qısa vaxt ərzində respublikada yeni generasiya güclərinin yaradılmasının davamlı xarakter alması təsdiqini tapıb. Ölkəmizdə az bir müddətdə istər külək, istərsə də Günəş elektrik stansiyasının təməlinin qoyulması bərpaolunan enerji növlərinin inkişafının prioritet istiqamət olduğunu göstərir. Azərbaycan xeyli müddətdir ki, bu məsələni diqqət mərkəzində saxlayır və artıq real nəticələrə nail olur.
Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində vurğuladığı kimi, işğaldan azad edilən ərazilərimiz bərpaolunan enerji növlərinin böyük potensialına malikdir. Bunu aparılan hesablamalar da göstərir. Belə ki, tədqiqatlara əsasən, işğaldan azad edilən ərazilərdə Günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavat həddindədir. Bu istiqamətdə artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan Günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar aparılır. Dövlət başçısı çıxışında bildirdiyi kimi, erməni faşizmi 30 illik işğal dövründə bütün infrastrukturu, yaşayış sahələrini, tarixi, dini abidələri yer üzündən silib, Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv edib. Bu torpaqlarda bərpa işlərinə başlanan vaxtdan elektroenergetika sahəsinin qurulması da diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsidir ki, keçən il ərzində ümumi generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyası bərpa edilib. Bu il isə generasiya gücü 27 meqavat olacaq 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılıb.
Mənsumə Babayeva, “İki sahil”