19 mart 2022 15:08
604

Lənkəranda  Milli Qəhrəmanın xatirəsi anılıbdır

 1995-ci il mart hadisələrinin  qalib şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevlə doğma diyarı Lənkəran camaatı fəxr edir, qürur duyur. O, xalqının xoş gələcəyi üçün cavan canını qurban vermışdir.  Milyonların ürəyində  özünə əbədi yuva qurmuş Əsgərin  xatirəsini anmaq məqsədilə Lənkəran şəhərində qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında tədbir keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətin başçısı Taleh Qaraşov başda olmaqla  lənkəranlıların qatıldığı tədbirdə qəhrəmanın abidəsi ziyarət olunub, dərin  ehtiram əlaməti  olaraq önünə tər çiçəklər düzülübdür.

  İcra başçısı Taleh Qaraşov tədbirdə çıxışında deyibdir:-  Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız dövlət müstəqilliyini qazanandan sonra səriştəsiz, bacarıqsız  şəxslərin rəhbər vəzifələrə gəlməsi səbəbindən ölkədə vəziyyət xeyli gərginləşmiş, özbaşınalıq baş alıb gedirdi. Tarixi düşmənlərimiz bu vəziyyətdən istifadə edib yenidən milli dövlətçiliyi dağıtmağa, qazanılan müstəqilliyi ləğv etməyə çalışırdılar. Onlar məqsədlərinə çatmaq üçün dəfələrlə dövlət çevrilişləri törətmiş, qardaş qırğını salıblar. Belə bir ağır vəziyyətdə Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək  yenidən siyasi hakimiyyətə qayıdışı bu dağıntının qarşısını aldı, xalqı da, milli dövlətçiliyi də xilas edib inkişaf yoluna çıxartdı. Bununla barışmaq istəməyən qara qüvvələr daxili düşmənlərin əli ilə 1995-ci ilin mart ayının 14-17 tarixlərində Bakı şəhərində  silahlı qiyam qaldırırlar. Belə bir vəziyyətdə xalqımızın mərd, igid oğulları heç bir qüvvədən çəkinmədən Ulu Öndərin  ətrafında sıx birləşib milli dövlətçiliyin müdafiəsinə qalxdılar və düşməni məhv etdilər. Həmin hadisələr zamanı Əsgər Əliyev də qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Fəqət Vətən və dövlət qarşısında əsl şücaət göstərmiş, canını fəda etmiş igidlər arasında lənkəranlı gənclərin adı da şərəflə çəkilir. 44 günlük Vətən müharibəsi zamanı onlar bunu bir daha sübut etdilər. Milli Qəhrəmanın  Əsgər Əliyevin və bütün şəhidlərin qəhrəmanlığı ilə  qürur duyulacaq,  Azərbaycan var olduqca  xalq tərəfindən  xatirələri həmişə əziz tutular.

  Rayonda şəhidlərin və Milli Qəhrəmanların xatirəsinin yaşadılması, gənc nəslə örnək göstərilməsi ilə bağlı görülən işlərə, şəhid və Milli Qəhrəman ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə   Milli Qəhrəmanın atası Ələkbər Əliyev Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq  edibdir.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü