19 mart 2022 15:53
838

Şəhidlər unudulmur

Lənkəran Şəhər İcra Hakimiyyətinin  başçısı Taleh Qaraşov başda olmaqla  aparatın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və doğmaları, 44 günlük Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərində Novruz bayramı münasibətilə  şəhidlərə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Öncə  Şəhidlər xatirə abidə kompleksini ziyarət edən tədbir iştirakçıları  Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna sonsuz ehtiramlarını bildirmək üçün əbədi məşəlin önünə tər çiçəklər düzüblər.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü sayəsində  rayonun Gərmətük qəsəbəsində yerləşən möhtəşəm “Şah” şadlıq sarayında məxsusi olaraq şəhid ailə üzvləri və Qarabağ müharibəsi qazilərdən ötrü  təntənəli Novruz bayramı şənliyi  təşkil olunub.  Şənlikdə   geniş çeşiddə çay, şirniyyat, müxtəlif cür meyvə və digər ləziz xörəklərlə  bəzədilmiş bayram süfrəsi açılıb.  Bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anılandan sonra İcra başçısı  Taleh Qaraşov tədbiri açaraq iştirakçıları salamlayıb onları Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb və deyibdir:- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar səyləri sayəsində YUNESKO  tərəfindən Azərbaycan xalqının milli bayramı kimi bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən gözəl nümunəsi sayılır. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin mahir sərkərdəliyi  altında düşmən üzərində qazandığı tarixi Zəfərdən sonra xalqımız bu bayramı daha şux, alnı-açıq və böyük sevinc hissi ilə keçirdir.  Novruz bayramı tədbirləri artıq işğaldan azad olunmuş torpaqlarda, xüsusilə qədim Şuşa şəhərində təşkil olunur. Bu sonsuz sevinc və fərəhə görə xalqımız məhz Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, Vətən uğrunda canını fəda etmiş şəhidlərə, yaralı qazilərə minnətdar olduğunu bildirirlər. Şəhidlərin ruhu və şəhid anaları qarşısında hər zaman baş əyməyə borcluyuq. Prezidentin şəhid ailələrinə və qazilərə qayğı ilə bağlı verdiyi tapşırıqların icrasından ötrü bundan sonra da lazımi tədbirlər görüləcək, onların arzu və istəkləri yerinə yetiriləcək.

Şəhid valideynləri, doğmaları və qazilər  də çıxış edib onlara göstərilən davamlı diqqətə və şəhidlərin Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ən səmimi təşəkkürlərini söylədilər. 

Tədbirin bədii  hissəsində  C. Cabbarlı adına Lənkəran 1 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında  vətənpərvərlik mövzusunda mahnılar  ifa olundu, şerlər səsləndi.

Onu da  bildirməyi vacib sayıram ki,  İcra başçısının müvafiq sərəncamı ilə şəhid ailələrinin və qazilərin maddi-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə tədbir günü  I və II Qarabağ müharibəsi şəhid ailələrinin və 44 günlük Vətən müharibəsi qazilərinin bank hesablarına büdcədənkənar vəsait hesabına ümumilikdə 85 min manat  köçürüldü.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü