Özbəkistan paytaxtında birinci Daşkənd İnvestisiya Forumu öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, Forumda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil-Reno Basso, Asiya inkişaf Bankının prezidenti Nasasuqu Asakava, vitse-prezident Konstantin Limitovski, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid al-Falix, Dünya Ticarət Təşkilatının vitse-prezidenti Syançen Çjan, Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Stefani fon Friderburq iştirak edirlər.
Dünyanın 56 ölkəsindən nümayəndələrin təmsil olunduğu Foruma Azərbaycandan jurnalistlər də qatılıblar.
Forumu açan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, Özbəkistan əsrlər boyu Böyük İpək Yolunun mərkəzindəki Mavərənnəhr ərazisində yerləşib və dünyanın müxtəlif regionlarından tacirlərin və sahibkarların diqqətini cəlb dib. Özbəkistan ərazisində Asiya, Avropa və Afrika qitələrindən keçən karvan yolları kəsişib.
Özbəkistan Prezidenti bildirib ki, 3 min illik dövlətçilik tarixi olan Özbəkistan torpağı ticarətin, iqtisadiyyatın, elmin, mədəniyyətin və incəsənətin inkişaf etdiyi mərkəz olub.
Şavkat Mirziyoyev Özbəkistan iqtisadiyyatına qoyulan sərmayədən danışaraq deyib: “Son 5 ildə ölkə iqtisadiyyatına qoyulan sərmayənin ümumi həcmi iki dəfə artıb və 25 milyard dollar olub, 59 investisiya layihəsi həyata keçirilib, bunun da nəticəsində 2,5 milyon yeni iş yeri açılıb”.
Forum öz işini davam etdirir.