“Səmt qazının yandırılmasını və emissiyalarını fəal şəkildə azaldan ölkələr, məsələn, Azərbaycan, daha cəlbedici enerji mənbələri olacaqlar, ona görə də SOCAR-ın davamlı olaraq qazın məşəldə yandırılmasını azaltmaq öhdəliyini yerinə yetirdiyini görmək sevindiricidir”.
“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq” (GGFR) proqramının rəhbəri Zubin Bamci deyib.
“Qlobal miqyasda səmt qazının məşəldə yandırılması hər il CO2 ekvivalentində təxminən 400 milyon ton emissiya ilə nəticələnir. Bu, çirkləndirici təcrübədir və buna son qoyulmalıdır, neft idxal edən ölkələr də bunu dərk etməyə başlayırlar. Onlar aldıqları neftin ən yüksək ekoloji standartlara cavab verən istehsalçılardan olmasını təmin etmək imkanına malikdirlər. Onlar energetika sektorunun karbonsuzlaşdırılmasında mühüm rol oynaya bilərlər”, - Z.Bamci bildirib.
GGFR-in peyk əsasında apardığı qiymətləndirilmələrə görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon kubmetrdən 2020-ci ildə 135 milyon kubmetrə qədər davamlı olaraq azaldıb. “Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. Bu irəliləyiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2030-cu ilə qədər məşəldə yandırmanın sıfıra endirilməsi üzrə beynəlxalq məqsədə sadiqliyini və səmt qazına neft hasilatının faydasız məhsulu yox, qorunmalı resurs və ekoloji problem kimi yanaşdığını əks etdirir”, - sənəddə deyilir.
SOCAR-ın ilkin “qaz tullantılarının azaldılması planı” səmt qazının toplanması və utilizasiyası üzrə layihələr həyata keçirilməklə 2022-ci ilə qədər uzadılıb. GGFR-in köməyi ilə SOCAR həmçinin qazın və atmosferə atılan zərərli maddələrin sərfiyyatının hesablanmasının yeni metodikasını işləyib hazırlayıb.
SOCAR-ın səmt qazı emissiyalarının azaldılması planının ilkin mərhələsində - 2011-ci ildən 2016-cı ilə qədər olan dövrdə Dövlət Neft Şirkəti BP ilə birlikdə “Azneft” İstehsalat Birliyinin “Günəşli” və “Neft Daşları” yataqlarında, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda səmt qazının toplanması üzrə irimiqyaslı ekoloji layihələr həyata keçirib. Ötən il üç əsas neft yatağında emissiyalar sıfıra endirilib.