Lənkəran şəhər Mədəniyyət Mərkəzinin növbəti tədbiri Vətən müharibəsinin şəhidi Tural Hümmətovun doğum gününə həsr olunmuşdu. Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı sayəsində baş tutan tədbirin qonaqları idarənin rəisi Şahin Şahbazov və idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Mədəniyyət Mərkəzinin direktor əvəzi Habil Əliyev, şəhidin ailə üzvləri, yaxın dostları, müharibə iştirakçıları , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin Osakücə kənd ərazi dairəsi üzrə icra nümayəndəsi Hidayət Mirzəyev və adı çəkilən kəndin bələdiyyə sədri Həqiqət Cavadova idilər.
Öncə tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində şəhidin xatirəsinə ucaldılan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular. Mədəniyyət Mərkəzinin akt zalına toplaşan tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçib şəhid olan oğlanların əziz xatirəsini bir dəqiqəlik sükutla andılar.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov tədbiri açıb dedi - İkinci Qarabağ müharibəsində igid Vətən övladları bir daha göstərdilər ki, qəhrəmanlıq xalqımızın qanına hopmuş ali bir hissdir. Zaman-zaman igid oğullarımız döyüş meydanlarında əsl qəhrəmanlıq nümayiş etmiş və xalqımızı məruz qaldığı bəlalardan qurtarıb, doğma torpaqları yadelli qəsbkarların basqınından qətiyyətlə qoruyaraq millətin tükənməz sərvətlərini , tarixi abidələrini, yurd-yuvalarını düşmən talanından azad etmişlər.
Daha sonra o, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan geniş danışmaqla çıxışına yekun vurdu.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çəkilmiş Turalın qəhrəmanlığını vəsf edən “Səhnədən səngərə" adlı video-çarx nümayiş olundu, eləcə Osakücə kənd Yaradıcılıq evinin və M. Kələntərli adına Lənkəran şəhər Sənətkarlıq klubunun qiraət dərnəyinin üzvləri tərəfindən vətənpərvərlik mövzusunda şerlər səsləndi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib