07 aprel 2022 17:01
1079

Məzahir Əfəndiyev Ağdaşda Ləki qəsəbə sakinlərini qəbul edib - FOTO

Aprelin 7-də Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində ilk növbədə Ağdaş rayon, Ləki qəsəbə 6 saylı tam orta məktəbində İkinci Qarabağ – Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərən igid övladlarımız, şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan sənədli film şagird və müəllim kollektivinə nümayiş olundu.

Görüşdə ilk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.

Deputat qeyd edib ki, Azərbaycan tarixini öz qanları ilə yazan Müzəffər Azərbaycan Ordusunun əsgərləri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ – Vətən Müharibəsində işğal altında olan torpaqlarımızı düşməndən azad etdilər: “Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.”

Daha sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, bu istiqamətdə Milli Məclisdə qəbul edilən yeni qanun layihələri haqda deputat tərəfindən məlumat verilib.

Bu istiqamətdə aparılan işlər çərçivəsində millət vəkili təmsil etdiyi 89 saylı Göyçay-Ağdaş seçki ərazisindən böyük həvəs, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə getmiş, düşmənlə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış qardaşlarımız haqda hazırlanan sənədli filminuzun illər ötsə də qəhrəmanlıq göstərən igid övladlarımızın hər zaman bu gunki kimi anılmasına öz töhfəsini verəcəyindən əminliyini bildirdi.

Filmin təqdimatından sonra tədbir iştirakçıları bu təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirərəkfilmin ərazi üzrə təbliği işində öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulayıblar.

Eyni zamanda səfər çərçivəsində Ləki qəsəbə 6 saylı tam orta məktəbində qəsəbə sakinlərinin qəbulu keçirilib.

Qəbula gələn vətəndaşlar əsasən sosial yönümlü məsələlər, pensiya, sosial müavinətlər, məişət problemləri kimi müxtəlif mövzularda müraciətlər ediblər. Bir neçə məsələ müvafiqyerli orqanların nümayəndələrinin iştirakı ilə yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb.