08 aprel 2022 12:37
832

Deputat Göyçayda müəssisədə istehsal prosesi ilə tanış olub

Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə səfəri çərçivəsində Göyçay rayonunda “Göyçay-Süd” ASC-nin kollektivi ilə görüşüb, müəssisədə istehsal prosesi ilə tanış olub.

“İki sahil” xəbər verir ki, gGörüşdə ilk növbədə millət vəkili müəssisənin fəaliyyəti, habelə zavodun strukturu, iş prinsipləri və qarşıya qoyulan gələcək hədəflər haqda məlumatlandırılıb.

Sonra deputat Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyini, habelə sahibkarlığın inkişafının hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdən olduğunu vurğulayıb: “Bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, əhalinin iştirakçılığı təmin olunur.”

Həmçinin, görüşdə M.Əfəndiyev iştirakçları Milli Məclisdə sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüsləri, habelə  üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən dövrdə gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqqında məlumatlandırıb.

Sonda deputat  zavod kollektivini maraqlandıran sualları cavablandıraraq onlarla geniş fikir mübadiləsi aparıb.