09 aprel 2022 11:44
787

Azərbaycan arxeoloqlarının elmi tədqiqatları beynəlxalq elmi impakt faktorlu jurnalda

2022-ci il 7 aprel tarixində Springer/Nature beynəlxalq elmi nəşriyyat sisteminə daxil olan, Web of Science və Scopus elmmetrik bazalarında yüksək impakt-faktor göstəricisinə malik “Nature Ecology and Evolution” jurnalının növbəti sayında “Qafqazda və Avrasiya çöllərində südlük maldarlığın yaranması və intensivləşməsi” (Emergence and intensification of dairying in the Caucasus and Eurasian steppes) adlı məqalə dərc edilib. Məqalə Şimali Qafqaz, Oka-Volqa-Don çayları hövzəsi və Azərbaycan ərazisindəki abidələrin əsasında Cənubi Qafqazda neolitdən antik dövrə qədər qədim insan qalıqlarının izotop analizlərinin nəticələrini əks etdirir. Müasir standartlar üzrə məqalənin ümumi tutumu 11.298 giqabaytdır.

“İki sahil” xəbər verir ki, 4 il ərzində davam edən beynəlxalq elmi tədqiqatlar Almaniyanın Maks Plank Cəmiyyəti, Avropa Birliyinin Horizon 2020 tədqiqat və innovasiya proqramı çərçivəsində Avropa Tədqiqat Şurasının, ERA.Net RUS Plus təşəbbüsü və Rusiya Elm Fondunun birgə layihəsi əsasında aparılıb. Layihədə Azərbaycan, Almaniya, Rusiya, Fransa, ABŞ, İsveçrə, Finlandiyanın mötəbər 24 elm mərkəzlərini təmsil edən arxeologiya, arxeogenetika, paleozoologiya, paleobotanika, molekulyar biologiya, biofizika  sahələri üzrə 34 alim iştirak edib.

Beynəlxalq tədqiqat layihəsində Azərbaycanı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Pərviz Qasımov, Bəxtiyar Cəlilov, Ceyhun Eminli və Emil İskəndərov təmsil ediblər.

Məqalənin həmmüəllifləri sırasında yer alan Azərbaycan arxeoloqları beynəlxalq elmi layihə çərçivəsində aparılan radiokarbon və izotop tədqiqatlara neolit dövründən antik dövrə qədər müxtəlif  tipli abidələrdən nümunələr təqdim ediblər. Həmçinin, onlar həmin tapıntılar, tapıntıların dövrünə aid arxeoloji mədəniyyətlər, mədəniyyətlərin regional və lokal xüsusiyyətləri barədə məlumatları hazırlayıblar.

Azərbaycan ərazisindəki abidələrdən olan nümunələrin analizi əsasında Cənubi Qafqaz üzrə belə bir nəticə əldə edilib ki, xalkolit dövründə Leylatəpə mədəniyyəti çərçivəsində qədim əhali süd məmulatlarını iribuynuzlu qaramaldan əldə edib (Alxantəpə məskəni/ Cəlilabad rayonu). Daha qədim neolit dövrünə aid əhalinin (Menteştəpə nekropolu/Tovuz rayonu) skelet nümunələrindən analizlər  Şomutəpə mədəniyyətində südlük maldarlığın olmadığı fikrinin irəli sürülməsinə əsas verir. Həmçinin, ilk tunc dövründə (Kür-Araz mədəniyyəti) südlük maldarlığın təyini üçün əlavə tədqiqatların aparılmasına ehtiyasın olduğu vurğulanır. Orta tunc dövrünə aid insan skeletlərindən (Qızqala nekropolu/Şərur rayonu, Naxçıvan MR) nümunələr öz dövründəki Naxçıvan orta tunc mədəniyyətində həm iribuynuzlu heyvanların, həm də keçilərin südündən istifadəni sübut edir. Son tunc və erkən dəmir dövründə isə, südlük maldarlığında mənzərə kəskin dəyişir.

Laborator analizlər Xocalı-Gədəbəy mədəniyyətinə aid əhalinin (son tunc dövrü sallama torpaq dəfni, Göytəpə neolit abidəsi/Tovuz rayonu) yalnız qoyun südündən istifadə etdiyini ortaya çıxarır. Səlbir və Soltannuxada (Qəbələ rayonu/antik dövr) aşkar edilmiş müxtəlif qəbir abidələrindəki skeletlərdən nümunələr Qafqaz Albaniyasında eramızın əvvəllərində iribuynuzlu qaramalın, həm də keçilərin südündən istifadəni nümayiş etdirir. Dövrlər üzrə südlük maldarlığın belə fərqli mənzərəsini məqalə müəllifləri iqlim dəyişkənliyi və müxtəlif vektorlu miqrasiyalarla izah edirlər.

Tədqiqatın maraqlı nəticələrinin biri də at südçülüyünün yaranması ilə bağlıdır. Əldə edilmiş paleoproteom analizlərin nəticələrinə görə, son xalkolit dövrünə aid Botay məskəni (şimal-qərbi Qazaxıstan) əhalisinin at südündən istifadəsi sonrakı dövrlərdə izlənilmir. Ən qədim at südçülüyünü hələki dəqiq göstərən fakt — Uraldakı orta tunc dövrü Sintaşta mədəniyyəti əhalisinin müasir Monqolustan ərazisinə  miqrasiya etmiş populysiyalarının son tunc dövrünə (e.ə. 1200 il, Uliastay Dood Denj, Monqolustan) aid qalıqlarında qeydə alınmasıdır. Rostov vilayətindəki Krivyanski IX abidəsində aşkar olunan insan qalıqlarında paleoproteom analizinə görə at südçülüyünü göstərən nəticələr olsa da, tapıntının  orta tunc dövrünə aidiyyatı barədə fikirlər radiokarbon analizi tərəfindən inkar edildi. Tədqiqatın nəticələrinə görə, at südçülüyü inkişaf etmiş və geniş şəkildə yalnız iskitlərdə və sarmatlarda bariz təmsil olunub.

Məqalənin linki: https://www.nature.com/articles/s41559-022-01701-6