20 aprel 2022 16:04
792

İncəsənət Muzeyində "Şuşa kataloqu"nun təqdimatı olub - FOTO

Bu gün Milli İncəsənət Muzeyində "Şuşa kataloqu"nun təqdimatı olub.

“İki sahil” xəbər verir ki, tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iştirak edib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” adlı nəşrin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, "Şuşa ili" çərçivəsində hazırlanan kataloq arxiv sənədi qismində müstəsnadır: “Bu gün təqdimatını keçirdiyimiz Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs olunan “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması “Şuşa ili”nə verilən töhfədir. İki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda tarix-mədəniyyət abidələrinin hazırkı vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunub. Kataloqda Şuşa şəhərində işğalın nəticələrinin tam əks etdirilməsinə çalışmışıq”.

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov işğaldan azad olunan ərazilərdə görülən bərpa-quruculuq işləri haqqında danışıb. O vurğulayıb ki, Şuşa şəhəri bərpa-quruculuq işlərinin mərkəzində dayanır: "Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir və bu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kataloqda əks olunan faktların əhəmiyyətindən danışıb:

"Bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistan Respublikasının işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına tutarlı sənəd qismində çıxış edəcək”.

Qeyd edək ki, kataloq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanıb.