26 avqust 2026 19:39
93

Milli mədəni irsimizin qorunmasına müasir və kompleks yanaşma

Avqustun 25-də Prezident İlham Əliyev “Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, ipəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir: “Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, habelə milli mədəni irsin qorunmasına və təbliğinə mühüm töhfə verir. İpəkçiliyin və xalçaçılığın davamlı inkişafı məqsədilə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsal zəncirinin bütün mərhələləri üzrə əlaqələndirmənin gücləndirilməsi və xammal bazasının möhkəmləndirilməsi zəruridir”.

Bütün bunlar nəzərə alınaraq “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Bununla da bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsi təmin olunacaq.

Mövzu ilə əlaqədar “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirdi ki, öz çeşnisi, toxunuş texnologiyası, orijinallığı və keyfiyyəti ilə seçilən xalçalarımız hər zaman qiymətli və baxımlı olub: “Ulu Öndər Heydər Əliyev xalqımızın milli sərvətləri sırasında xalçaçılığa böyük dəyər verib. Prezident İlham Əliyev çox haqlı olaraq deyib ki, xalça bizim milli sənətimizdir. Ölkəmizdə ipəkçilik ənənələri də əsrlər boyu qorunub saxlanılıb, inkişaf edib, yerli əhalinin həyatında mühüm rol oynayıb. Onu da deyim ki, ipəkçilik Prezident İlham Əliyevin aqrar sektorun ənənəvi sahələrinin inkişafı istiqamətində reallaşdırdığı islahatların sayəsində intibah dövrünə qədəm qoyub.

Prezident İlham Əliyevin “Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında” imzaladığı Fərmana gəldikdə, şübhəsiz, bu, hər şeydən əvvəl, milli mədəni irsimizin qorunmasına müasir və kompleks yanaşmanın ifadəsidir: “Qeyd etdiyim kimi, xalçaçılıq və ipəkçilik Azərbaycan xalqı üçün yalnız ənənəvi istehsal sahələri deyil. Bu sənətlər əsrlər boyu xalqımızın estetik düşüncəsini, dünyagörüşünü, məişətini və həyat fəlsəfəsini özündə yaşadıb. Fərmanın mühüm cəhətlərindən biri ipəkçiliyin və xalçaçılığın vahid idarəetmə əsasında inkişaf etdirilməsi, bu sahələrin iqtisadi səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, habelə milli sənətkarlıq irsinin qorunması və təbliğidir”.

Müsahibimizin fikrincə, sözügedən sənədə əsasən “Azəripək” və “Azərxalça”nın vahid idarəetmə çərçivəsində birləşdirilməsi də bu baxımdan əhəmiyyətlidir: “Sənəddə də qeyd olunduğu kimi, şübhəsiz, bu, ölkəmizdə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini daha mütəşəkkil şəkildə təmin edəcək”.

Milli Məclisin deputatı bildirdi ki, sevindirici məqamlardan biri milli sənətkarlıq ənənələrinin ölkə daxilində olduğu kimi, xaricdə də tanıdılması və məhsullarımızın brendləşdirilməsinin ayrıca vəzifə kimi müəyyən edilməsidir. Qarşımızda duran vəzifə bu böyük irsi qorumaqla yanaşı, onun müasir dizayn, yaradıcı sənayelər və beynəlxalq bazarla əlaqəsini daha da gücləndirməkdir. Ənənəni qorumaq onu yalnız muzeydə nümayiş etdirmək demək deyil. Əsl qoruma həmin ənənənin yaşamasına, inkişaf etməsinə, yeni əsərlərdə davam etməsinə və onu yaşadan insanların əməyinin dəyər qazanmasına şərait yaratmaqdır. Prezident İlham Əliyevin imzaladığı Fərmanın mahiyyətində də məhz belə bir yanaşmanı görürəm: milli irsi qorumaq, onu müasir iqtisadi imkanlarla birləşdirmək və Azərbaycan sənətini dünyaya daha güclü şəkildə təqdim etmək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”