Ölkəmizin valyuta ehtiyatlarının əsasını özündə cəmləşdirən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat təşkil edib. ARDNF-nin 2022-ci il büdcəsinin karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə illik proqnozunun 45 faizinin birinci rübdə icra edilməsinə baxmayaraq martın 31-ə Fondun aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon ABŞ dolları) nisbətən cəmi 238,9 milyon ABŞ dolları və ya 0,53 faiz artıb (45 milyard 264 milyon ABŞ dolları təşkil edib).
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat təşkil edib. Lakin ötən rüb ərzində Fondun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 milyard 660,8 milyon manat olub. Bu amil Fondun gəlirlərinin azalmasına səbəb olub. ARDNF yaranmış mənfi fərqi cari ilin ilk rübündəki qlobal makro-iqtisadi və geosiyasi vəziyyətin maliyyə bazarlarına təsiri ilə izah edib. Bildirilib ki, maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olmuşdur ki, bu da ARDNF-nın investisiya portfelinə təsirsiz ötüşməyib.
Qeyd edək ki, Fond birinci rübdə dövlət büdcəsinə transfert planını da icra etməyib. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3 milyard 180 milyon manat məbləğində transfertə qarşı 423 milyon manat az - 2 milyard 757 milyon manat məbləğində transfert daxil edilib. Bu baxımdan ARDNF dövlət büdcəsinə transferti proqnoza uyğun icra edəcəyi halda Fondun rüblük büdcəsində kəsir yaranacaqdı. Belə ki, Fond dövlət büdcəsinə transerti tam şəkildə icra edəcəyi halda onun xərcləri 2 milyard 764,5 milyon manat yox, 3 milyard 187,5 milyon manat təşkil edəcəkdi. ARDNF-nin birinci rübdə xərcləri sırasında dövlət büdcəsinə transfertdən əlavə 7,5 milyon manatlıq digər ödənişlər də olub. Buraya “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmiş 2,2 milyon manat və Fondun idarə edilməsi ilə bağlı xərclənmiş 5,3 milyon manat daxildir.
Fondun büdcəsində kəsirin yaranması isə onun aktivlərində azalmaya səbəb olacaqdı. Təsadüfi deyil ki, Fond təkcə dövlət büdcəsinə transfert öhdəliyini tam icra etmək üçün birinci rübdə valyuta hərraclarında 1 milyard 870,6 milyon ABŞ dolları satmalı idi. Fond isə bu müddətdə cəmi 1 milyard 624,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Beləliklə, dövlət büdcəsinə transfertlə bərabər, digər xərcləri də nəzərə alanda, Fond birinci rübdə 249 milyon dollar daha çox valyuta satmalı idi. Lakin bu halda Fondun aktivləri birinci rübdə nəinki 238,9 milyon dollar artacaqdı, əksinə, 10 milyon dollardan çox azalacaqdı.
Onu da qeyd edək ki, Fondun aktivləri birinci rübdə təkcə büdcə gəlirləri hesabına deyil, həmçinin büdcədənkənar gəlir hesabına artıb. Belə ki, yanvar-mart aylarında ARDNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 214,3 milyon manat təşkil edib. Bu, o deməkdir ki, ARDNF-nin aktivlərinin cari ilin birinci rübündəki artımının 52,8 faizini büdcədənkənar gəlir təşkil edib.
Ceyhun Piriyev, “İki sahil”
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib