26 aprel 2022 01:15
964

Artan və azalan ödənişlər

Sığorta sektorunda vəziyyət necədir?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin birinci rübündə ölkədəki sığorta şirkətləri  258 milyon 425 min manat məbləğində sığorta haqqı toplayıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 436,3 min manat və ya 3,8 faiz çoxdur.  Sığorta haqlarında artıma baxmayaraq sığorta hadisələrinə görə edilmiş ödənişlərdə azalma davam edir.  Belə ki, sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği birinci rübdə ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalaraq 61 milyon 228 min manat təşkil edib. Hesabat dövründə, sığorta şirkətləri yığdıqları  hər 100 manat sığorta haqqının  cəmi 23,7 manatını ödəniş ediblər. Ötən ilin eyni dövründə bu rəqəm 58,4 manat olmuşdu.

Toplanmış sığorta haqlarının 75 faizi könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta növləri üzrə yığılmış 193 milyon 989,1 min manat vəsaitin 45,4 faizini həyat sığortası növləri təşkil edib. Bu növlər üzrə yığımlarda 63,5 faiz artım olsa da ödənişlərin məbləği 5 dəfə azalıb.

Könüllü qeyri-həyat sığorta növlərində isə ümumi olaraq həm sığorta haqlarında, həm də ödənişlərdə artım olub. Lakin bu növlər üzrə sığorta haqlarında artım  əsasən tibbi sığorta üzrə yığımların hesabına olub. Belə ki,  birinci rübdə könüllü qeyri-həyat sığorta növləri üzrə yığımlarda illik müqayisədə artım cəmi 4 milyon 118,3 min manat olub. Hərçənd ki, təkcə könüllü tibbi sığorta üzrə artım 5 milyon 804,8 min manat təşkil edir. Bu da ondan xəbər verir ki, könüllü qeyri-həyat sığortasının digər növlərində yığımlarda azalma olub. Buraya əmlak sığortası, mülki məsuliyyətin sığortası kimi alt növlər aiddir. Xüsusilə də əmlak sığortasında yığımın azalmasına baxmayaraq ödənişlərdə artım qeydə alınıb. Bu da həmin sığorta növləri üzrə gəlirliliyin azalmasından xəbər verir.

Birinci rübdə icbari sığorta sinfi üzrə yığımlar isə 31 faiz azalaraq 64 milyon 435 milyon manat təşkil edib. Yığımın azalması icbari sığorta sinifinin ümumi sığorta yığımlarındakı payının ötən ilin birinci rübü ilə müqayisədə 37,5 faizdən 25 faizə enməsinə səbəb olub.  Bu sığorta sinfi üzrə ödənişlər isə 45,55 faiz azalıb. Ümumi ödənişlərin 36,5 faizi icbari sığorta növlərinin payına düşüb. Əgər, ötən ilin yanvar-mart aylarında bu sığorta sinfi üzrə toplanan hər 100 manatdan 43,9 manatı ödənişə yönəldilmişdisə, 2022-ci ilin birinci rübündə bu rəqəm 34,7 manata enib.

İcbari sığorta sinfi üzrə yığımlarda lider 5,9 faiz artımla daşınmaz əmlakın icbari sığortası növüdür. Yığımların 25 milyon 252,1 min manatını və ya 39,2 faizi bu sığorta növünün payına düşüb.

Daşınmaz əmlakın icbari sığortasını, həmçinin şirkətlər üçün gəlirlilik baxımında ən sərfəli sığorta növü hesab etmək olar. Belə ki, onsuzda aşağı səviyyədə olan bu sığorta növü üzrə ödənişlər 39 faiz azalıb. Birinci rübdə şirkətlərin bu sığorta növü üzrə topladıqları hər 100 manatın 1 manat 8 qəpiyini ödəniş ediblər.

Sığorta şirkətlərinin ən çox şikayət etdikləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə yığımlarda 4,2 faiz artım olsa da, ödənişlər bundan daha çox - 37,2 faiz artıb. Nəticədə şirkətlərin bu sığorta növü üzrə xərcləri daha çox artıb. Əgər ötən ilin birinci rübündə şirkətlər bu sığorta növü üzrə topladıqları hər 100 manatın 71 manatını ödəniş etmişdilərsə, cari ilin eyni dövründə bu göstərici 93,5 manata yüksəlib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ödənişlər ümumi sığorta ödənişlərinin 33,1 faizini, icbari sığorta növlərinin isə 90,9 faizini təşkil edib.                                                                              

Ceyhun Piriyev, “İki sahil”