Güzəştli idxal limiti azalandan sonra ayaqqabının içindən brilyant, paltardan mobil telefon, maskadan qızıl çıxır
Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin bugünlərdə yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, cari il ərzində, ümumilikdə 29 fakt üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən sifariş edilmiş mallar kimi göstərilən lakin, kommersiya təyinatlı mallar olduğu sübuta yetirilən və müvafiq tənbeh tədbiri tətbiq edilən işlər qeydə alınıb. Əgər keçən ilin 3 ayı ərzində cəmi 7 belə fakt müəyyən edilmişdisə, artıq bu ilin eyni dövründə 4 dəfə çox - 29 belə fakt müəyyən edilib.
Məlumatda, həmçinin bildirilib ki, sürətli poçt daşıma şirkətləri vasitəsilə onlayn sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda şəxsi istifadə üçün icazə verilən limit məbləğindən sui-istifadə halları da artıb. Belə ki, daşıma şirkətlərinin biri tərəfindən ölkə ərazisinə gətirilən ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük baxışı zamanı ayaqqabının içindən ümumi dəyəri 118 659 manat dəyərində 75 qram brilyant qaşlar aşkar edilib. Digər bir poçt daşıma şirkəti tərəfindən ölkə ərazisinə gətirilən geyim əşyalarının içərisindən gömrük orqanından gizlədilmiş 3 ədəd “Samsung” markalı mobil telefon, həmçinin “Maska paketi” yükləri kimi gömrük orqanına bəyan edilən bağlamanın içərisindən gömrük nəzarətindən gizlədilmiş qızıl-zinət əşyaları aşkar edilərək ölkə ərazisinə qanunsuz yolla idxal edilməsinin qarşısı alınıb. Daha bir şirkət tərəfindən daşınması həyata keçirilən yüklərə dair təqdim edilən məlumatlarda 146 ədəd bağlamaya aid qiymət məlumatları faktiki yuxarı həddə olmağına baxmayaraq 1 türk lirəsi qeyd edilib.
Xatırlatmaq yerinə düşər ki, hələ 2020-ci ilin avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilib. Bununla da gömrük ödənişləri olmadan beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni şəxsin adına gətirilən mallar üzrə aylıq limitin 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilməsi həmin vaxt sosial şəbəkələrdə “maraqlı tərəflərin” əsas müzakirə mövzusuna çevrilmişdi. Sanki hər bir Azərbaycan vətəndaşı xaricdən ayda 1000 dollarlıq məhsul sifariş edir və limitin azaldılması onları xərcə salacaqdı. Reallıq isə ondan ibarətdir ki, sözügedən limitin nəinki əhalinin ölkə ərazisindəki xərclərindən, hətta hazırkı orta aylıq əməkhaqqından iki dəfə yüksək olması sözügedən Qərardan sui-istifadəyə şərait yaratmışdı. Nəticədə bir çoxları bundan sui-istifadə edərək özünə asan gəlir mənbəyi yarada bilmişdi. Belə ki, qeyri-istehsal, yaxud qeyri-kommersiya məqsədləri adı altında ölkəyə gətirilən belə mallar gömrük ödənişlərindən yayındırıla bilindiyi kimi, ölkədə onların qazanc məqsədilə realizə olunmasını da vergi ödənilmədən həyata keçirmək mümkün olurdu. Hərçənd ki, sözügedən Qərar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkə ərazisinə gətirilməsini nəzərdə tutur. Bu mənada gömrük ödənişləri olmadan beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə mal almaq üçün aylıq limitin 300 dollar olması da kifayət qədər böyük göstərici hesab oluna bilər.
Ancaq görünən odur ki, limitin azaldılması asan yolla qazanc əldə edənlərin “gəlir”lərinin azalmasına səbəb olub. Nəticədə vəziyyətdən “çıxış yolu” kimi şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, həmçinin icazə verilən limit məbləğindən sui-istifadə hallarının artması bunu deməyə əsas verir. Vaxtilə sözügedən Qərarda dəyişiklik ediləndə bəzi beynəlxalq poçt və daşıyıcı şirkətlərin də iştirakı sosial şəbəkələrdəki tənqidlər, həmçinin anlaşılmazlıq yaradan şərhlərin bilərəkdən yayılmasının hansı məqsədə xidmət etdiyi bir daha aydın olur.
Bununla belə, aşkar olunan faktların sayının artması, həmçinin onu deməyə əsas verir ki, gömrük orqanları belə hallarla mübarizədə qərarlıdırlar və bu cür yollarla asan gəlir qazanmaq heç də asan olmayacaq.
Ceyhun Piriyev, “İki sahil”
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib