Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bugünlərdə keçirilmiş plenar iclasında Azərbaycan banklarında əhaliyə verilən kreditlərin illik faiz dərəcəsinin 20 faizdən çox olduğunu, kreditlərə 5-6 faizlik hədd qoyulmasını təklif edib.
Bəs görəsən, reallıq necədir? Banklar 5-6 faizlə kredit, xüsusilə də istehlak kreditləri verə bilərmi?
Əvvəlcə ondan başlayaq ki, 2016-cı ildə təsdiq edilmiş Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma Prinsiplərinə görə, kiçik istisnalar olmaqla xarici valyutada istehlak kreditləri verilə bilməz. Mərkəzi Bankın məlumatına görə, aprelin 1-i tarixinə ölkədə milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi 14,28 faiz, o cümlədən hüquqi şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsi 10,1, fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsi isə 16,29 olub. Yeni verilmiş kreditlərin orta faiz dərəcəsi isə 17,11 faiz təşkil edib. Kreditlərin strukturu, o cümlədən istehlak kreditlərinin orta faiz göstəricisi isə açıqlanmır.
Bankların verdikləri kreditlərin mənbəyi olan depozitlərin orta faiz dərəcəsi isə aprelin əvvəlinə milli valyutada 8,73 faiz, o cümlədən hüquqi şəxslər üzrə 5,65 faiz, fiziki şəxslər üzrə 9,17 faiz olub. Bu baxımdan bankların kredit vermək üçün fiziki və hüquqi şəxslərdən aldıqları vəsaitlərin faizləri belə T. Kərimlinin kreditlər üçün təklif etdiyi faiz dərəcəsindən (5-6 faiz) yüksəkdir. Sadə dildə desək, bankların orta hesabla 8,73 faizlə pul alıb onu 5-6 faizlə nəinki istehlak, ümumiyyətlə, kredit verməsi mümkün deyil.
Son bir ildə depozitlərin orta faizi 0,18 faiz bənd, kreditlərin orta faizi isə 0,46 faiz bənd artıb. Yeni cəlb edilmiş depozitlərin faizləri isə 1,1 faiz, kreditlərin faizləri isə 0,07 faiz bənd azalıb. Belə görünür ki, depozitlərin faizlərində ciddi artım olmadığından kredit faizlərində də əhəmiyyətli artım qeydə alınmayıb.
Lakin kreditlərin orta faizlərində ciddi dəyişiklik olmasa da istehlak kreditlərinin məbləğində əhəmiyyətli artım olub. Mərkəzi Bankın məlumatlarından belə aydın olur ki, aprelin əvvəlinə bankların kredit portfelinin 27,6 faizini və ya 4 milyard 831,3 milyon manatını istehlak kreditləri təşkil edib. Ötən ilin eyni dövründə ümumi kreditlərin 25,6 faizi istehlak kreditləri idi. Belə ki, son bir ildə istehlak kreditlərinin artım tempi ümumi verilmiş kreditləri üstələyib. Belə ki, ötən ilin birinci rübünün sonu ilə müqayisədə cari ilin eyni dövründə bankların verdikləri ümumi kreditlərin məbləği 23,8 faiz, istehlak kreditləri isə 31,3 faiz artıb.Nəticədə kredit faizlərində əhəmiyyətli dəyişikliklərin olmaması, kreditlərin, o cümlədən istehlak kreditlərinin artımını stimullaşdırıb. Görünəni odur ki, kreditləşmədə banklar arasında rəqabətin güclənməsi kreditlərlə bərabər, depozitlərin də faizlərinə təsirini göstərməkdədir.
Hərçənd ki, cari ilin mart ayında illik inflyasiyanın 12,1 faizə çatmasına baxmayaraq depozitlərin faizlərinin ondan xeyli geri qalması depozit və əmanət sahiblərinin real gəlir əvəzinə zərərlə üzləşmələrindən xəbər verir. Buna səbəb bankların cəlb etdikləri depozitlərin verdikləri kreditlərdən daha çox artmasıdır. Belə ki, son bir ildə kreditlərin həcmi 23,8 faiz artsa da depozitlər 28 faiz, o cümlədən manatla depozitlər 32,3 faiz artıb. Bu amil bankların aşağı faizlə vəsait cəlb etmək siyasətini dəstəkləyir. Əks təqdirdə, depozitlərin faizləri inflyasiya göstəricisini üstələməli idi. Bu da kredit faizlərinin də yüksəlməsinə gətirib çıxarmalı idi. Ancaq müşahidələr onu deməyə əsas verir ki, inflyasiyanın aşağı səviyyədə olduğu dövrlərdə də kredit faizləri azalmayıb.
Bütün bunlar onu deməyə əsas verir ki, kreditlərin faizlərinin aşağı olması üçün minimum səviyyədə inflyasiya göstəricisi ilə bərabər, geniş investisiya alətləri, rəqabət və böyük olmayan kredit riskləri kimi amillərin vəhdətinə ehtiyac var. Lakin bu halda da istehlak kreditlərinin 5-6 faizə enməsi mümkün görünmür.
Ceyhun Piriyev, “İki sahil”
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib