28 aprel 2022 23:19
946

Hasilat və ixrac da artır, gəlirlər də...

Avropada Azərbaycanın təbii qazına tələb çoxalır

Artıq 2-ci ildir ki, Avropada təbii qazın qiyməti yüksək olaraq qalır. Bir tərəfdən iqlim amili, digər tərəfdən Avropanın əsas qaz təchizatçısı olan Rusiya ətrafında baş verən hadisələr fonunda qiymətin yüksək olması qaz idxal edən ölkələrin xərclərini artırsa da  ixrac edən ölkələr üçün gəlirlərin artmasıdır.

Maraqlıdır, təbii qaz ixrac edən Azərbaycan qiymət artımından nə əldə edib?  

Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında ölkədə 11,8 milyard kubmetr  təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Həmçinin 2021-ci ildə 43,9 milyard kubmetr qaz çıxarılıb ki, bu da 2020-ci illə müqayisədə 18,3 faiz çoxdur. Qaz istehsalının illər üzrə dinamikasına nəzər salanda məlum olur ki, qazın dünya bazarlarındakı qiymətindən asılı olmayaraq Azərbaycanda qaz hasilatı ildən-ilə artır. Buna səbəb Cənub Qaz Dəhlizinin tam işə düşməsidir.   

Birinci rübdə Azərbaycandan xaricə qaz satışı  5,9 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.  Müqayisə üçün deyək ki, ötən ilin birinci rübündə qaz ixracı təxminən 5 milyard kubmetr təşkil etmişdi. Bu müddətdə Türkiyəyə 3 milyard kubmetr, Avropaya təqribən 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilib. Beləliklə, cari ilin birinci rübündə Avropaya və Gürcüstana qaz ixracı artsa da Türkiyəyə ixrac azalıb. 

Ötən il isə Azərbaycandan 18,9 milyard kubmetr qaz ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 40 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə 8,5 milyard kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz az),  Gürcüstana 2,2 milyard kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az) qaz ixrac olunub. Avropaya isə 8,2 milyard kubmetr qaz nəql edilib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin birinci rübündə ölkədən ixrac olunmuş qazın dəyəri 3 milyard 463 milyon 858,64 min dollar olub ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 4 dəfə çoxdur.

Ötən il ixrac olunmuş təbii qazın dəyəri isə 5 milyard 534 milyon 398,34 min dollar olub ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfə çoxdur.

Dövlət Neft Fonduna bu ilin birinci rübündə “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın ixracından 296 milyon 631 min dollar daxil olub. Ötən ilin eyni dövründə Fonda qaz ixracından gəlir daxil olmamışdı. Ümumilikdə isə ötən il Fondun bu yataq üzrə qaz ixracından gəliri 581 milyon 976 min dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 8,25 dəfə çoxdur. 2020-ci ildə Fonda qaz ixracından cəmi 70,5 milyon dollar daxil olmuşdu.  Qeyd edək ki, bu ilin birinci rübündə ölkədə hasil edilmiş qazın 54,2 faizi, ötən il isə 51,5 faizi “Şahdəniz” yatağının payına düşüb.

Avropanın qaz idxalında Rusiyadan asılılığını azaltmağa çalışması Azərbaycandan qaz nəqlinin artmaqda davam edəcəyini deməyə əsas verir. Bu isə həm də ixracın və gəlirlərin artması deməkdir.

Ceyhun Piriyev, “İki sahil”