30 aprel 2022 21:36
1237

Muxtar respublikada muzey ziyarətləri davam edir

Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları muxtar respublikanın Culfa rayonunda yerləşən “Əlincəqala” tarixi abidəsi və muzeyi və Gülüstan türbəsi ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, ekskursiya ərzində qonaqlar əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olub. Bununla yanaşı, Əlincəqala orta əsrlərdə Azərbaycanda yaranmış dövlətlərin tarixində əvəzolunmaz rol oynayıb, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə edilib.

Qeyd olunub ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılıb. Muzey ekspozisiya zalından və iki iş otağından ibarətdir. Mədəniyyət müəssisəsinin fondunda, ümumilikdə, 250 eksponat var ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir.

Ümummilli lider Heydər Əliyev Əlincəqala abidəsinin tarixi və mədəni əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Daha sonra muzey ziyarətçiləri Gülüstan türbəsi ilə tanış olublar. Türbənin tarixi haqqında məlumat verilərək bildirilib ki, Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də Gülüstan türbəsidir. Türbə Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilib. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir. Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və ornamentlərlə doldurulub. Həmin naxışların özünəməxsus xüsusiyyətlərinə və tarixinə nəzər saldıqda demək olar ki, türbə XII əsrdə inşa olunub. Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamı ilə ilkin görünüşü və tarixi arxitekturası qorunub saxlanılmaqla bərpa olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizi, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.