01 may 2022 09:04
1064

YAP Biləsuvar rayon təşkilatında növbəti seminar FOTO

Aprel ayının 30-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının ərazi partiya təşkilatlarından növbəti qrup sədr müavinlərinin iştirakı ilə seminar keçirildi.

“İki sahil” xəbər verir ki,  seminarda YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və 30 ərazi partiya təşkilatının sədr müavinləri iştirak edirdilər. Kamil Qurbanlı partiyanın yeni Nizamnaməsinin və Əsasnaməsinin  tələblərindən irəli gələn bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırdı.

Ərazi partiya təşkilatlarının rüblük hesabatlarını təqdim etmələri ilə  bağlı işlənib hazırlanmış xüsusi forma seminar iştirakçılarına təqdim edildi. Rayon partiya təşkilatının sədri  partiyanın yerli təşkilatlarının Əsasnaməsinin tələblərinə uyğun olaraq hazırlanmış hesabat nümunəsinin rüblər üzrə işlənib  rayon təşkilatının aparatına təqdim olunması ilə bağlı tövsiyyə və tapşırıqlarını verdi.

Seminarda iştirakçıların diqqətinə çatdırılan ikinci məsələ  mətbuatda və sosial şəbəkələrdə partiya üzvlərinin aktiv fəaliyyətinin təmin olunmasından ötrü görülməli olan işlərlə bağlı oldu. Kamil Qurbanlı dünyada, ölkəmizdə və partiyanın həyatında baş verən yeniliklərlə bağlı mütəmadi olaraq analtik yazıların hazırlanmasının, təhlillərin aparılmasının və nəticələrin analizinin əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırdı. Tədbir iştirakçıları ilə fəal fikir mübadiləsi şəraitində aparılan keçirilən seminarda bir sıra digər zəruri məsələlərdə vurğulandı. İştirakçılardan Elnur Hüseyinli və Qeyrətəli Məmmədov seminarda müzakirə olunan məsələ ilə bağlı öz fikir və təkliflərini bildirdilər. Seminarın yekunu olaraq görüləcək işlər və həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıqlar verildi.

Seminarın yekununda iştirakçılarla xatirə şəkli çəkdirildi.